Müəllimsiz cəmiyyətin inkişafı yoxdur - Tanınmış pedaqoqlardan təbriklər | |
Hər il oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Bu gün müəllimlərin cəmiyyətin inkişafında oynadığı əhəmiyyətli rolu, gənc nəslin formalaşmasında verdikləri töhfələri vurğulamaq üçün xüsusi bir fürsətdir. Müəllimlər yalnız bilik ötürən deyil, həm də gələcək nəslin mənəvi və intellektual inkişafını təmin edən ilham mənbəyidirlər. Onların səyləri nəticəsində cəmiyyətlər formalaşır, ölkələr inkişaf edir və dünya daha yaxşı bir yerə çevrilir.
Müdriklər müəllimləri insanlığı aydınlığa çıxaran işığa bənzədiblər
“Müəllim şagirdlərinə (tələbələrinə) gizlədilməsi mümkün olmayan gözəllik, yəni bilik öyrədir, həyat üçün zəruri olan bacarıq və vərdişlər aşılayır. Ona görə də müəllimin bütün zamanlarda məramı və sosial statusu hətta valideynlərdən də yüksək olub”.
Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov deyib.
“Müəllimin nüfuzu cəmiyyətdəki rolu və peşəkarlığı ilə sıx bağlıdır. Müəllim yalnız dərs keçən şəxs deyil, eyni zamanda şagirdlərin inkişafında, onların dünyagörüşünün formalaşmasında və sosial dəyərlərin aşılanmasında mühüm rol oynayır. Müəllimlik peşəsi cəmiyyətdə yüksək qiymətləndirilsə də, son illərdə müəllimlərin sosial statusu və maddi təminatı ilə bağlı bəzi problemlər mövcuddur”, - deyə Fərrux Rüstəmov əlavə edib.
Ümumtəhsil məktəbi müəllimlərinin sosial müdafiəsini gücləndirmək və onların maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə görülən işlərdən də danışan pedaqoji elmlər doktoru bildirib ki, bu islahatlar onların əməkhaqqının artırılmasında, peşəkarlığının inkişafında mühüm rol oynayıb:
"Etiraf etmək lazımdır ki, son illərdə müəllimlərin işə motivasiyası və peşə fəaliyyətinə yanaşmaları müsbət yöndə xeyli dəyişilib, cəmiyyətdəki nüfuzlarının yüksəlməsinə səbəb olub. Ali pedaqoji məktəblərə tələbə qəbulu zamanı yüksək bal toplamış tələbələrin xeyli hissəsinin müəllimlik ixtisaslarını seçmələri bunu sübut edir”.
Bu gün Azərbaycan müəllimlərinin qarşısında duran müasir çağırışlardan bəhs edən professor onların akademik bilikləri ilə yanaşı, didaktik, ünsiyyət və liderlik bacarıqlarına malik olmasının vacibliyini də vurğulayıb. Şagirdlərin sosial, emosional və intellektual inkişafını dəstəkləmək üçün onlardan yeni yanaşmalar tələb edilir. Bu çağırışlar müəllimlərin cəmiyyətdəki nüfuzunu artırmaqla yanaşı, onların peşəkarlığının yüksəldiləməsini tələb edir.
“Bu gün müəllimlərin peşə bayramıdır. Müdriklər müəllimləri insanlığı aydınlığa çıxaran işığa bənzədiblər. Müəllimləri ürəkdən təbrik edir, onlara əzmkarlıq, fədakarlıq və sağlamlıq arzulayıram. Arzu edirəm ki, müəllimlər şagirdlərinin gözlərindəki parıltını görərək, onlardan ilham alaraq daha da irəliləsinlər, düşündükləri ideyaları və arzuları həyata keçirmək üçün lazım olan dəstəyi və resursları əldə etsinlər”, - deyə professor müəllimləri təbrik edib.
Bütün sənət sahiblərinin memarı müəllimdir
Növbəti həmsöhbətimiz Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, BDU-nun professoru Hikmət Əlizadə dünyada bütün insanların müəllim nəhəngliyinin ecazkar təsiri ilə böyüdüklərini deyir. Onun sözlərinə görə, bütün sənət sahiblərinin memarı müəllimdir. Müəllimsiz cəmiyyətin inkişafı yoxdur. Hər bir cəmiyyət öz inkişafı üçün, ilk növbədə, müəllimə borcludur. Bu mənəvi borcu insanlar yaxşı dərk edirlər. Hər bir insan həyatda tapdığı xoşbəxtliyə görə müəllimə borcludur. Xalqımızın həyat tərzində müəllimə hörmət və ehtiram həmişə xüsusi yer tutub.
“Azərbaycan müəllimi daim öz böyük nailiyyətləri ilə fəxr edib. Bu gün müəllimlər tarixin bəlkə də özləri üçün çətin dövrünü yaşayırlar. Bu müvəqqəti çətinlikdir, müəllimlərimiz qarşılaşdıqları bu çətinliklərdən uğurla çıxacaqlar. Belə nikbin notlar fonunda müəllimləri peşə bayramı münasibətilə təbrik edirəm, onlara cansağlığı və gördükləri müqəddəs işdə daha böyük uğurlar arzu edirəm. İnanıram ki, Azərbaycan müəllimi qarşısında duran taleyüklü məsələləri uğurla həll etmək qüdrətinə malikdir”, - deyə Hikmət Əlizadə qeyd edib.
44 günlük Vətən müharibəsi Azərbaycan müəlliminin ən parlaq zəfəridir
Təhsil İnstitutunun şöbə müdiri, akademik Hümeyir Əhmədov da bu gün Azərbaycan müəlliminin reputasiyasının kifayət qədər yüksək olduğunu dilə gətirib.
“Azərbaycan müəlliminin çiyinlərindəki əsas öhdəlik gənc nəslin yetişdirilməsidir və əminəm ki, onlar bu işdə öz əməli fəaliyyətlərini əsirgəmirlər. Onların vəzifəsi vətəndaş yetişdirməkdir. 44 günlük müharibədə cənab Prezident İlham Əliyev qeyd etdi ki, biz necə vətənpərvər nəsil yetişdirmişik. Bu adi bir iş deyil. Bu, Azərbaycan müəlliminin ən parlaq zəfəridir”.
Yetər KƏRİMLİ
|
|
04.10.2024 | 12:32 | |
|
|
|