Nazir: Təhsili yeni çağırışlar müstəvisində müzakirə etsək, daha irəli gedəcəyik
"Azərbaycanda təhsili məişət xarakterli müzakirədən təhsil siyasəti səviyyəsinə qaldırmalıyıq. Təhsili yeni müstəvilər mövzusunda müzakirə etsək, daha irəli gedəcəyik". 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev 4 oktyabrda ADA Universitetində "Daha Təhsilli Gələcək" devizi ilə keçirilən "Təhsildə Yeni Çağırışlar" V Beynəlxalq Forumunda çıxışı zamanı deyib.
 
O bildirib ki, bu mənada "Təhsildə Yeni Çağırışlar" V Beynəlxalq Forumunun əhəmiyyəti vurğulanmalıdır:
 
"Hər bir xalqın öz inkişaf mərhələləri var. Azərbaycanda təhsilin məzmunu, müəllimin fəaliyyətini təbii ki, biz Azərbaycan kontekstində müzakirə etməliyik. Girişi genişləndirib, çıxışı daraltmaqlamı biz məqsədimizə nail olmalıyıq, yoxsa girişi daraldıb, çıxışı genişləndirməkləmi istəyimizə nail olmalı və az sayda uğurlarla kifayətlənməliyikmi? Bu gün bunların müzakirəsi aparıla bilər". 
 
Nazir əlavə edib ki, "Təhsildə Yeni Çağırışlar" V Beynəlxalq Formunun əsas mövzuları ekoloji savadlılıq ilə bağlıdır. Bu da təsadüfi deyil. Noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbiri ərəfəsində yaşıl bacarıqların necə aşılanması müzakirə olunacaq. COP29-un Azərbaycanda keçirilməsi təhsil sahəsində qlobal trendlərə qoşulmaq üçün də çox geniş imkanlar yaradacaq. 
 
Emin Əmrullayev sonda bütün müəllimlərimizi 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
 
Yetər KƏRİMLİ


04.10.2024 | 10:41