Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə Peşə Təhsili üzrə Dövlət Agentliyininin rəhbərliyi arasında görüş keçirilib
2 oktyabr tarixində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə Peşə Təhsili üzrə Dövlət Agentliyininin rəhbərliyi arasında görüş keçirilib. Görüşün əsas məqsədi Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyəti barədə İctimai Şura üzvlərini məlumatlandırmaq, görülmüş işlərə dair ictimaiyyətin rəy və təkliflərini öyrənmək və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək olub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov cari ilin prioritetləri, həyata keçirilən layihələr və əldə olunan nəticələr barədə ətraflı təqdimatla çıxış edib. Agentlik direktoru peşə təhsilinin inkişafı istiqamətində atılan addımlar, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təkmilləşdirilməsi və peşə təhsili müəssisələrinin modernləşdirilməsi ilə bağlı görülən işlər haqqında məlumat verib.
 
Daha sonra İctimai Şura üzvləri peşə təhsilinin inkişafı ilə bağlı suallarını ünvanlayıb və öz təkliflərini səsləndiriblər. Qeyd edilib ki, peşə təhsilinin ictimaiyyət arasında təbliği və bu sahədə fəaliyyət göstərən qurumların əməkdaşlığı, keyfiyyətin yüksəldilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
 
Görüşün yekununda, Peşə Təhsili üzrə Dövlət Agentliyi və İctimai Şura arasında əməkdaşlığın gücləndirilməsi və davamlı dialoq mexanizmlərinin qurulması barədə razılıq əldə olunub.
 
Sonda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin ərazisində infotur təşkil edilib. Qonaqlar mərkəzdə yaradılan müasir şərait, tədris prosesi, emalatxanalar, eləcə də mövcud avadanlıq və xidmətlərlə ətraflı şəkildə tanış olublar.


03.10.2024 | 16:27