İqlim dəyişikliyi üzrə universitetlər arasında şəbəkənin yaradılması təklif olunub
"COP29-un təşəbbüslərindən biri də iqlim dəyişikliyi üzrə Azərbaycan universitetləri arasında şəbəkənin yaradılmasıdır". 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu COP29 üzrə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyə Çempionu Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan tədbirdə "İqlim keçidlərində ali təhsilin rolu" mövzusunda çıxışı zamanı deyib. 
 
O bildirib ki, sabahın işçi qüvvəsinin bu gündən formalaşması çox mühümdür: “Enerji infrastrukturu, kənd təsərrüfatı artıq yeni kadrlar, bacarıqlar tələb edəcək. Ona görə də universitetlər, kolleclər yaxşı mənada bu sahələrdə kadrlar yetişdirməlidir. Universitetlər yaşayan laboratoriya olmalıdır. Onların bərpa olunan enerji ilə bağlı dedikləri sözdə qalmamalıdır. Biz COP rəhbərliyi olaraq 14 təşəbbüslə çıxış etmişik. Onlardan biri də insan inkişafı ilə bağlıdır. Xüsusilə gələcəkdə uşaqlara və gənclərə növbəti COP-ların təlqin edilməsi çox əhəmiyyətlidir. İqlim dəyişikliyi bütün cəmiyyəti narahat edən məsələ olmalıdır. Universitetlərin bu sahədə rolu çox mühümdür”.
 
Yetər KƏRİMLİ


03.10.2024 | 11:54