Müəllim yalnız sinifdə olduğu 45 dəqiqəni yox, bütün ömrünü şagirdləri ilə paylaşır
Müəllim şagirdlərinin yaxın dostu, sirdaşıdır. Yetirmələrinin gələcəyi üçün narahat olan, onları həyatda daim düzgün addım atmağa sövq edən ilahi bir varlıqdır. Müəllim təkcə özünün deyil, həm də hər bir şagirdinin taleyini yaşayır. Müəllim yalnız sinifdə olduğu 45 dəqiqəni yox, bütün ömrünü şagirdləri ilə paylaşır. Paytaxtdakı 246 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Sevda Namazova da belə fədakar müəllimlərdəndir.
 
Təəssüratlarını bizimlə bölüşən müsahibim Sevda Namazova “Azərbaycan müəllimi” qəzetinin oxucularına bildirib ki, ölkəmizin dilbər guşələrindən biri olan Ağdam şəhərində doğulub və 1 nömrəli tam orta məktəbin məzunu olub. Sonra Pionerlər və Məktəblilər evində dərnək rəhbəri kimi çalışıb. Artıq 31 ildir ki, pedaqoji fəaliyyətini davam etdirir. 
 
- Sevda müəllim, tədris ili necə keçir? 30 ildən artıq çalışmısınız, təhsilimizin inkişafında xidmətləriniz olub. Bu illəri necə dəyərləndirərdiniz? Dərs deməkdən yorulmamısınız?
 
- Müəllimlik elə bir peşədir ki, gərək şagirdlərini sevəsən.Tələbə olarkən orta məktəb müəllimlərimdən biri ilə rastlaşdım. Məndən dərslərimin necə getdiyini, gələcək planlarımı soruşdu. Mən müəllim olmaq istədiyimi bildirəndə mənə belə bir tövsiyəsi oldu. "Sevda, qızım əgər uşaqları sevməyəcəksənsə və onların şıltaqlıqlarına dözə bilməyəcəksənsə, müəllim olma”. Bəli, uşaqları sevmək, səbirli olmaq və onların nazını çəkmək biz müəllimlərin başlıca vəzifəsidir. İşin çoxluğundan yoruluruq. Mən deyərdim ki, bu yorğunluq şirin yorğunluqdur. Amma bezmək əsla ola bilməz.
 
- Dərsi tədris edərkən bir vaxtlar şagird olduğunuz günləri və müəllimlərinizi xatırlayırsınızmı?
 
- İnsan həyatının ən qayğısız, gözəl unudulmaz günləri mən deyərdim ki, məktəb illəridir. Mən bu gün də qazandığım uğurlara görə valideyinlərim və unudulmaz müəllimlərimə borcluyam. Onların qarşısında baş əyərək demək istərdim ki, mən çox xoşbəxt insanam ki, elə müəllimlərim olub. Əsl müəllim adına layiq insanlar. Mən bu gün də onlardan bir neçəsi ilə əlaqə saxlayıram. Hər dəfə onların səsini eşidəndə, uşaq kimi həyəcan keçirirəm. Mən hər dəfə dərs keçərkən, o müəllimlərin təmkinli duruşu, şagirdlərə qarşı qayğıkeş münasibəti bir kino lenti kimi gözümün önündən keçir.
 
- Yaxşı müəllim olmaq üçün nə etmək lazımdır?
 
- Əsl müəllim öz üzərində çalışan, daim axtarışda olan, müasir tələblərə cavab verən, texniki vasitələrdən istifadə etməyi bacaran biri olmalıdır. Bu gün qazandığı hər hansı bir uğurla kifayətlənməməlidir. Əgər müəllim sabah keçəcəyi dərsi bu gün planlaşdırırsa və həmin dərsin mükəmməl şəkildə mənimsənilməsinə nail olmaq üçün yeni üsullardan istifadə edirsə, tədris etdiyi fənni uşaqlara sevdirə bilirsə, mən deyərdim ki, o, əsl müəllimdir.
 
 
- Şagird var bacarıqlıdır, amma dərs oxumur. Belə şagirdlərlə necə işləyirsiz? Onlara dərsi sevdirmək üçün nə etmək lazımdır?
 
- Təbii ki, bir sinifdə 25-30 şagird varsa, onların hər biri müxtəlif xarakterlərə, bacarıqlara və qavrama qabiliyyətinə malikdir. Biz müəllimlər onların hər birinin ehtiyaclarını, çətinliklərini nəzərə alırıq. Onları düzgün istiqamətləndirmək, məqsədimizə nail olmaq üçün müxtəlif üsullardan istifadə edirik. Belə şagirdləri dərs zamanı fəallaşdırmaq üçün suallar ünvanlamaq, dərsdən sonra fərdi olaraq onlarla söhbət aparmaq, onların valideyinləri ilə birgə işləmək lazımdır. Hər şeyi tək müəllimlərin və ya valideynlərin üstünə atmaq, mənə elə gəlir ki, düzgün deyil. Müəllim-şagird-valideyn birliyi uşaqların düzgün təlim-tərbiyəsinin əsasıdır. Hər bir şagirdin uğur qazanmasında onun valideynləri və müəllimlərinin əməyi danılmazdır. Bu gün tərbiyə etdiyimiz, təhsil verdiyimiz uşaqlar gələcəkdə bacarıqlı, savadlı bir vətəndaş kimi xalqının fəxri olmalıdırlar.
 
- Peşəkar müəllim kimi gənc həmkarlarınıza nümunə göstərmək üçün “açıq dərs”lər də keçirirsiniz. Buna maraq necədir?
 
- Mən deyərdim ki, müəllimin bütün dərsləri açıq olmalıdır. Ancaq vaxtaşırı daha geniş, daha əyləncəli dərslər təşkil etmək lazımdır. Bizim məktəbimizdə “açıq dərs”lər müntəzəm olaraq keçirilir. Məktəb rəhbərliyi bu dərslərdə iştirak edir və sonda öz rəy və təkliflərini verir. Bu da sonrakı dərslərin daha səmərəli olmasına səbəb olur. Mənim işlədiyim bu illər ərzində bütün fənlərdən və müxtəlif mövzularda “açıq dərs”lərim olub. İlk əvvəl təşkil etdiyim “açıq dərs”in sonunda nöqsanlar çox olurdu və bu nöqsanların aradan qaldırılması üçün çox çalışırdım ki, növbəti dəfə bu nöqsanlara yol verməyim. Bəzən də elə olur ki, “açıq dərs”im nəzərdə tutduğumdan da daha maraqlı alınır. Şagirdlərin verdiyi suallar, onların fəallığı, mövzu haqqındakı biliklərə sahib olmaları dərsə xüsusi bir ab-hava gətirir. Bir şeydə qeyd etmək istəyirəm ki, tərif eşitmək nə qədər xoş olsa da, deyilən nöqsanlar da müəllimi daha da yaxşı çalışmağa yönəldir. Deyirlər ki, nöqsansız dərs yoxdur. Bu nöqsanları aradan qaldırmaq isə müəllimim məsuliyyətindən asılıdır.
 
- "Bu şagird gələcəkdə gözəl mütəxəssis olacaq" dediyiniz şagirdləriniz bu gün sizi görməyə gəlirlərmi? Əlaqə saxlayırlarmı?
 
- İşlədiyim bu illər ərzində elə şagirdlərim olub ki, onları ilk gördüyüm andan düşünmüşəm ki, bu uşağın gələcəyi parlaqdır. Çox xoşbəxtəm ki, belə şagirdlərim çox olub. Bu uşaqların arasında həkim, müəllim, iqtisadiyyat sahəsində çalışan, musiqiçi, mühəndis və sair peşə sahibləri var. Bir şagirdimin kompüterə çox böyük marağı var idi. Dərs zamanı kompüterlə bağlı işləri görməkdə mənə çox kömək edirdi. Elektron lövhədə işləməyə maraq göstərirdi. Mən də həmişə ona köməkçim deyərdim. İndi o, kompüter üzrə çox gözəl mütəxəssisdir. Və bu gündə sinifdəki kompüterlə bağlı problem yarananda ona müraciət edirəm. Musiqi alətində gözəl ifa edən  şagirdimin konsertlərinə həvəslə gedirəm. Rəssam şagirdimin rəsm sərgisində olmaq isə çox qürurvericidir. İllər öncə məktəbi bitirmiş və bu gün müxtəlif sahələrdə çalışan şagirdlərimin məni görməyə gəlməsi, bayramlarda təbrik etməsi mənim üçün çox böyük fəxrdir.
 
 
- Bilik və bacarıqlarınızı artırmaq üçün nələr edirsiz?
 
- Demək olar ki işlədiyim müddətdə saysız-hesabsız konfrans, seminar və təlimlərdə iştirak edib və sertifikatlar qazanmışam. Hər dəfə öyrəndiyim yeni bilik və bacarıqları sinifdə tətbiq edirəm. Özümün təcrübədən keçirdiyim yeni metodlar və dərs nümunələri ilə qəzet və jurnallarda məqalələrlə çıxış etmişəm.
 
- Həyatda daha çox kimə bənzəmək istəmisiniz? Valideynlərinizə, yoxsa müəllimlərinizə?
 
- Mənim həyatda həm valideyn, həm də müəllim sarıdan bəxtim gətirib. Gözəl, alicənab, qonaqpərvər, dəyərli ailə başçıları olan valideyinlərim və əsl müəllim adına layiq müəllimlərim olub. Mən bu gün qazandığım hər bir uğurlarıma görə onlara borcluyam. Mən həm Azərbaycan xanımına xas olan bütün gözəl xüsusiyyətləri özündə birləşdirən anama, həm də öz davranışı və savadı ilə daim öndə olan müəllimlərimə bənzəməyə çalışıram.
 
- İşlədiyiniz bu illər ərzində heç unutmadığınız bir hadisə olubmu?
 
- Bir neçə il bundan əvvəl  belə bir hadisə olmuşdu. Bir ay idi ki, birinci siniflərdə  dərslər başlamışdı. Sinifdəki şagirdlərimdən biri axşam ehtiyatsızlıqdan bir qəza keçirmiş və çox ağır halda xəstəxanaya çatdırılmışdı. Bir neçə gün koma vəziyyətində qaldı. Həkimlərin səyi nəticəsində ayılan zaman müalicə edən həkim ondan kimi görmək istədiyni soruşduqda o, "müəllimimi görmək istəyərdim" demişdi. Təbii ki, mən onu görməyə getdim və tez sağalıb məktəbə gəlməsini istədim. Məni görəndə çox sevinmişdi. Uzun sürən müalicədən sonra məktəbə gələn bu şagirdimə yazıb-oxumağı öyrətmək çətin olsa da, sonda sərbəst oxu və yazıya nail olduq.
 
- Müəllim həmkarlarınıza nə tövsiyə edərdiniz?
 
- Bütün müəllimlərə öz işlərinə məsuliyyətlə yanaşmağı, daim yeniliklər axtarışında olmağı tövsiyə edirəm. Həmkarlarıma çətin və şərəfli işlərində daim uğur qazanmağı arzu edirəm. Arzu edirəm ki, onların dərs dediyi şagirdlər Azərbaycanın çiçəklənməsi, inkişafı yolunda nümunəvi işləri ilə öndə olsunlar. Biz müəllimlər də onlara baxıb fəxr edək...
 
Qeyd edək ki, Bakı şəhəri 246 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Sevda Namazova işlədiyi müddətdə məktəb rəhbərliyi tərəfindən dəfələrlə Təşəkkürnamə və Fəxri fərmanlarla təltif olunub. Müxtəlif mövzularda təşkil olunmuş konfransların və seminarların iştirakçısı olub və sertifikatlar qazanıb. Məqalələri vaxtaşırı qəzet və jurnallarda çap olunur. 4 oktyabr 2016-cı ildə “Gənc nəslin təlim-tərbiyəsində göstərdiyi səmərəli fəaliyyətinə görə” təhsil naziri tərəfindən Fəxri fərmanla təltif olunub.
 
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. 2019-cu ildə “Təhsilalanların riyaziyyatdan fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi üçün rubriklər” kitabı çapdan çıxıb. 
 
Qarşıdan gələn 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Əməkdar müəllimimizi təbrik edir, ona fəaliyyətində uğurlar arzulayırıq!
 
Sifai SƏFƏROVA


03.10.2024 | 11:22