Bakıda yeniyetmənin ölümü ilə nəticələnən hadisənin təfərrüatları məlum olub - RƏSMİ | |
Ötən gün paytaxtın Sabunçu rayonu ərazisində 16 yaşlı yeniyetmə yaşıdı tərəfindən kəsici alətlə qətlə yetirilib. Bu gün hadisənin Bakı şəhəri, Sabunçu rayonu 71 nömrəli tam orta məktəbdə şagirdlər arasında baş verməsi ilə bağlı iddialar yayılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, oktyabrın 2-də saat 15:30 radələrində dərsdən kənar vaxtda Bakı şəhəri, Sabunçu rayonu 71 nömrəli tam orta məktəbin XI sinif şagirdi qətlə yetirilib. Hadisəni törədən şəxs məktəbli deyil, ötən il IX sinifdən sonra təhsilini davam etdirməyib. Hadisə ilə bağlı prokurorluqda müvafiq araşdırma aparılır.
Sabunçu rayon prokurorluğu da hadisə ilə bağlı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, oktyabrın 2-si Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmayan R.B-nin (şərti) almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla yetkinlik yaşına çatmayan K.N-nin (şərti) rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla bud nahiyəsinə xəsarət yetirməsi nəticəsində R.B-nin (şərti) müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, K.N (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
|
|
03.10.2024 | 10:35 | |
|
|
|