SDU-nun bir qrup əməkdaşı Çində ilk dəfə azərbaycanşünaslıq üzrə beynəlxalq elmi konfransda iştirak ediblər | |
Sumqayıt Dövlət Universitetinin (SDU) bir qrup əməkdaşı 27-29 sentyabr tarixlərində Pekində keçirilən “İpək yolu ruhuyla Çin-Azərbaycan münasibətlərini möhkəmləndir” devizi ilə 1-ci Çin azəbaycanşünaslıq beynəlxalq elmi konfransında iştirak edib.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, Pekin Xarici Dillər Universitetinin (PXDU) təşkilatçılığı və ev sahibliyi ilə keçirilən konfransda filologiya fakültəsinin dekanı dosent Günel Paşayeva, xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova, pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova və fakültənin dosentləri - Törə Məmmədova, Kəmalə Salamova, Sevinc Həmzəyeva, baş müəllim Aynurə Bağırova, müəllim Rüfət İbrahimov Azərbaycanın qədim tarixi, dili və mədəniyyətinin Çində elmi yolla tanıdılmasına töhfə vermək məqsədilə müxtəlif məruzələrlə çıxış ediblər.
Açılış mərasimində Pekin Xarici Dillər Universitetinin prorektoru Gao Qanq, Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov, Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri Hamlet İsaxanlı, videomüraciət formatında Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Dinq Tao, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli və Bakı Dövlət Universitetinin rektoru dosent Elçin Babayev çıxış edərək iki ölkə arasında münasibətlərin tarixindən və hazırkı vəziyyətindən, təşkil olunan konfransın iki ölkə arasında akademik mübadiləni təşviq etmək, “Bir kəmər, bir yol” əməkdaşlığını birgə irəlilətmək baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.
Səfər çərçivəsində konfrans iştirakçıları Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov tərəfindən səfirliyin binasında qəbul edildi. 27 Sentyabr - Anım Günü münasibətilə Vətən uğrunda şəhid olanların xatirəsi yad edilib, Zəfər simvolu olan “Xarıbülbül” xatirə lövhəsinin önünə əklil qoyulub. Sonra Bünyad Hüseynovun müşayiəti ilə səfirliyin binası ilə yaxından tanış edilib və Azərbaycanın tarixi və mədəniyyətinə aid nümunələrini özündə əks etdirən salonlara baxış keçirilib. |
|
03.10.2024 | 09:57 | |
|
|
|