BDU ilə Malayziya Universiteti arasında anlaşma memorandumu imzalanıb
Bakı Dövlət Universiteti (BDU) ilə Malayziyanın Menecment və Elm Universiteti arasında anlaşma memorandumu imzalanıb. Sənədi BDU-nun rektoru Elçin Babayev və Menecment və Elm Universitetinin prezidenti Mohd Shukri Ab Yajid imzalayıb.
 
BDU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, memorandumda hər iki universitetin nəzdində olan fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi tədqiqatların aparılması nəzərdə tutulur.
 
Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər memorandumda öz əksini tapıb.
 
Qeyd edək ki, əsası 2001-ci ildə qoyulmuş Menecment və Elm Universiteti QS dünya universitetləri reytinqində 580-ci pillədə qərarlaşır.


02.10.2024 | 15:58