"Scopus"dan istifadə edən alimlərimizin sayı ciddi şəkildə artıb
Azərbaycanlı alimlərin "Scopus" göstəriciləri 2024-cü ilin ilk 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ciddi şəkildə yaxşılaşıb. Bu göstəricilərə istifadəçi sayı, dərc olunan elmi işlərin sayı, elmi işlərin sitatları, sahə üzrə istinad təsiri, dərc olunduqları jurnalların keyfiyyəti və beynəlxalq əməkdaşlıq daxildir.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, bu ilin 8 ayında ölkəmiz üzrə "Scopus"dan istifadə edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artıb. Belə ki, əgər 2023-cü ildə 6 minə yaxın alimimiz "Scopus"dan istifadə edibsə, artıq bu say 13 min nəfərə çatıb.
 
Alimlərimizin "Scopus"da dərc olunan məqalə sayında rekord artım
 
Azərbaycanlı alimlərin "Scopus"da dərc olunan məqalələrində də artım müşahidə edilir. Belə ki, əgər ötən il elmmetrik bazada alimlərimizin 1800-dən bir qədər çox məqaləsi yerləşdirilmişdisə, bu ilin 8 ayında bu say 2382 olub. 2024-cü ildə dərc olunan elmi işlərin sayımının 2025-ci ilin may-iyun aylarınadək davam edəcəyini nəzərə alsaq, ölkə üzrə ümumi elmi işlərin sayının tarixdə ilk dəfə 3000-dən çox olacağı istisna edilmir.
 
Alimlərimizin məqalələrinə istinadlar artır
 
Qeyd edək ki, elmi işlərin sayı ilə yanaşı keyfiyyəti də artmaqdadır. Belə ki, alimlərimizin bazadakı məqalələrinin 11.2%-i dünyanın ən çox istinad alan 10% elmi işi arasındadır. Ötən il bu göstərici 9.2%-ə bərabər olmuşdu. Azərbaycanın sahə üzrə istinad təsiri (Field Weighted Citation Impact – FWCI) 2024-cü ildə dünya üzrə orta həddi (1.0) keçərək 1.97-yə çatıb. Bu isə dərc olunan bütün elmi işlərin öz sahəsi üzrə ortalama 97% daha çox istinad alması deməkdir. Ötən il bu göstərici 1.05-ə bərabər idi.
 
Q1 və Q2 kvartilli jurnallarda dərs olunan məqalələrn sayı 2 dəfə artıb
 
2024-cü ilin ilk 8 ayı ərzində dərc olunan 1481 məqalədə 996-sı Q1, 485-i Q2 kvartilli jurnallarda dərc olunub ki, bu göstərici də ötən illə müqayisədə 2 dəfə çoxdur. Belə ki, 2024-cü ilin eyni dövründə ümumilikdə 733 məqalənin 486-sı Q1, 257-si Q2 kvartilli jurnallarda dərc olunmuşdu.
 
Cari ilin ilk 8 ayı ərzində dərc olunan elmi işlərin 1594-ü (67%-i) beynəlxalq əməkdaşlıq çərçivəsində (yəni, xarici həmmüəlliflərlə birgə) dərc olunub ki, bu göstərici də ötən ilin 12 ayı ərzində 856-ya (47%) bərabər olub.


02.10.2024 | 14:35