AzMİU-da “Horizon-2020” Elmi-Tədqiqat və İnnovasiya proqramı çərçivəsində növbəti nüfuzlu elmi konfrans keçiriləcək
Qazaxıstanın ən iri iqtisadi, elm və mədəniyyət mərkəzlərindən olan Almata şəhərində Avropa İttifaqının (Aİ) “Horizon-2020” Elmi-Tədqiqat və İnnovasiya sahəsində mübadilə Marie Sklodowska-Curie Actions Research and İnnovation Staff Exchange “Call: 2020 – MSCA – RİSE – 2019")proqramı çərçivəsində konfrans keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə universitetdən məlumat yayılıb.
 
“Evolusiya Tənlikləri, Yaxınlaşma Nəzəriyyəsi və Spektral Optimallaşdırma” (Evolution Equations, Approximation and Spectral Optimization) mövzusuna həsr olunan konfransda Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) elm və innovasiya məsələləri üzrə prorektor professor Nigar Aslanova təmsil edib. Nigar Aslanovanın konfransda iştirak etməkdə məqsədi elmi məruzə ilə çıxış etmək, həmçinin layihənin rəhbərləri və koordinatorları ilə görüşlər keçirmək olub.
 
Professor Nigar Aslanova konfransda “Dördüncü dərəcəli diferensial operator üzrə bəzi spektral suallar” mövzusunda elmi məruzə ilə çıxış edib. Alim məruzəsində mexanika və fizikanın bir sıra məsələləri üçün model rolunu oynayan tədqiqatlarını, əldə etdiyi son elmi yeniliklərini iştirakçıların nəzərinə çatdırıb.
 
Almaniyanın İlmenau Texniki Universitetinin və Lüberk Universitetinin Riyaziyyat institutları, Çexiya Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutunun və Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun tərəfdaşlığı ilə keçirilən konfransda Qazaxıstanın Riyaziyyat və Riyazi Modellər İnstitutu, Özbəkistanın Turin Politexnik Universiteti və Gürcüstan Universitetinin Riyaziyyat İnstitutunun da təmsilçiləri iştirak ediblər.
 
Konfransdan sonra keçirilən görüşlər zamanı proqram çərçivəsində növbəti il elmi tədbirin keçiriləcəyi yerlə bağlı məsələ də müzakirə olunub. Universitet və elmi-tədqiqat institutunun nümayəndələri təmsil etdikləri ölkə və qurumla bağlı təqdimatlar ediblər. Təqdimatlar zamanı nümayəndələr daha yaxşı təşkilatçılıqla əlaqədar əsaslandırmalar aparıblar. Nəticədə AzMİU-da son illər elmi tədqiqat məsələlərinə göstərilən diqqət, əldə olunan uğurlar, eləcə də beynəlxalq elmi konfransların keçirilməsində qazanılan təcrübə əsas götürülərək 2025-ci ildə konfransın Bakıda keçirilməsi qərara alınıb.
 
Qeyd edək ki, proqram çərçivəsində təşkil olunacaq nüfuzlu elmi konfrans 9-11 sentyabr 2025-ci il tarixlərində AzMİU-da keçiriləcək. Həmin tarixə kimi “Evolusiya Tənlikləri, Yaxınlaşma Nəzəriyyəsi və Spektral Optimallaşdırma” (Evolution Equations, Approximation and Spectral Optimization) konfransı çərçivəsində bir araya gələn qurumlar arasında elmi kadr mübadiləsi və qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi prosesi həyata keçiriləcək.


02.10.2024 | 11:32