ADNSU-da “COP29 Energetika üçün nə vəd edir” mövzusunda seminar keçirilib
Oktyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Energetika Nazirliyi yanında İctimai Şura üzvləri ilə birgə seminar keçirilib.
 
Universitetdən "Azərbaycan müəllimi" xəbər verir ki, ADNSU-nun Energetika fakültəsinin (EF) və Energetika Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29, Bərpa olunan enerji mənbələri və COP29 Energetika üçün nə vəd edir? mövzusunda keçirilən seminarda Elmi işlər üzrə prorektor prof. Lətafət Qardaşova, Energetika Nazirliyi Yanında İctimai Şuranın  sədri Şaban Nəsirov, katib Samir Həsənov, üzvü Sadiq Həsənov, professor müəllim heyəti və tələbələr iştirak ediblər. 
 
İştirakçıları salamlayan Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyev COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsini beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi kimi dəyərləndirib. 
 
Energetika Nazirliyi Yanında İctimai Şuranın sədri Şaban Nəsirov görüşün məqsədi barədə ümumi məlumat verib, hökumətin COP29 və bərpa olunan enerji siyasətinin daxili və xarici aləmdə dövlətmizin nüfuzunun artmasındakı rolundan danışıb. İctimai Şuranın katibi Samir Həsənov isə “Bərpa olunan enerji mənbələri və elektrik enerjisi, suya qənaət”, şuranın üzvü Sadiq Həsənov “İstilik elektrik stansiyalarının ətraf mühitə təsiri” mövzularında təqdimatla çıxış ediblər.


02.10.2024 | 10:19