Ucqar kənd məktəbinin gənc müəllimi: İlk günlərdə çətinliklərlə qarşılaşsam da... | |
Bu gün yaşadıqları yerdən kilometrlərlə uzaqlıqda, ucqar kənd məktəblərində çalışan gənc müəllimlərimizin sayı kifayət qədər çoxdur. Bəzən orada yaşayır, bəzən də hər gün həmin yolu gedib-gəlirlər...
Həmin müəllimlərdən biri Günel Hüseynlidir. Gəncə Dövlət Universitetinin "Azərbaycan dili və ədəbiyyat müəllimliyi" ixtisası üzrə təhsil almış Günel müəllim 2019-cu ildə Müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq, Daşkəsən rayon Alaxançallı kənd tam orta məktəbində müəllim kimi fəaliyyətə başlayıb. 2023-cü ildən isə Daşkəsən rayon Xoşbulaq kənd məktəbinə yerdəyişmə edib və hazırda bu məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq fəaliyyətini davam etdirir.
"Azərbaycan müəllimi" qəzetinə danışan Günel Hüseynli müəllim peşəsinə bağlılığından, ucqar dağ kəndindəki müəllimlik təcrübəsindən bəhs edib.
- Sizin üçün müəllimlik nədir?
- Müəllimlik mənim üçün bir sevdadır. Dünyada yüzlərlə peşə olsa da, onların ən başlıcası müəllimlik peşəsidir. Həm böyük fədəkarlıq, həm də ən şərəfli peşələrdəndir müəllimlik. Arzum kənd məktəblərində çalışıb, təhsil gələcəyimizə işıq olmaq idi və bu gün arzuma çatmışam. Ən ucqar kəndlərdə müəllim kimi fəaliyyət göstərirəm. İlk günlərdə çətinliklərlə qarşılaşsam da, zamanla şagirdlərimin sevimli fənn müəllimi olmağı bacardım. Hər il xeyli sayda şagirdə təhsil verirəm və bundan qürur duyuram. Baxmayaraq ki, hər gün uzaq məsafəni qət edərək işə gedib gəlirəm, amma şagirdlərimə olan sevgim bütün yorğunluğumu yox edir, peşəmə olan bağlılığım hər gün artır. Hesab edirəm ki, tədris prosesində yalnız təhsil verməklə kifayətlənməməli, həmçinin şagirdlərimizi vicdanlı, əxlaqlı yetişdirməli, onlara milli-mənəvi dəyərlərimizi, vətən sevgisi, millət sevgisi və bayraq sevgisini aşılamalıyıq.
- Müəllim olaraq ilk dərs günündə hansı hissləri keçirirdiniz?
- Bəzi hisslər heç vaxt unudulmur. Həmin an özümə söz verdim, işlədiyim ucqar kənd məktəblərində bütün şagirdlərin təhsil almasına kömək edəcəyəm, o gözlərdəki sevinci və körpə ürəklərindəki sevgini hər an qoruyacağam. İlk dərs günüm çox həyəcanlı, bir o qədər də sevincli idi. Şagirdlərim necədir, məni necə qarşılayıb qəbul edəcəklər, onlara fənnimi sevdirə biləcəyəmmi deyə düşünürdüm. Ancaq həyəcanım əbəs imiş. Şagirdlərimiz öyrənməyə çox maraqlı idilər, əlbəttə ki, dərsləri də maraqlı və müasir kurikuluma uyğun qururdum.
- Daim inkişaf edən müəllim olmaq üçün nə etmək lazımdır?
- Müəllimin inkişafı onun təcrübəsi və öyrəndiyi bilikləri şagirdlərinə çatdırmasıdır. Öyrədənin inkişafı onun şagirdlərinin, yetirmələrinin nəticələri ilə birbaşa əlaqəlidir. Düşünürəm ki, təhsildə elektron innovasiyaların istifadəsinin genişləndiyi bir dövrdə müəllim dərslərini dünya təhsil sistemi ilə uyğunlaşdıraraq, yeni təlim metodlarının tətbiqindən istifadə etməlidir. Artıq biz müəllimlər yalnız fənnini bilməklə kifayətlənməyib, digər fənlərlə də dərslərimizi inteqrasiya edirik. Bu həm bizim inkişafımıza, həm də şagirdlərin bütün fənlərə qarşı marağının artmasına gətirib çıxara bilər. Müəllim olmaq asan görünə bilər, lakin ən mühüm olanı yaxşı müəllimlik edə bilməkdir.
- Tədris apardığınız siniflərdə şagirdlərin sizin fənninizə marağı necədir?
- Dərslərimi qurarkən yeni təlim üsulundan-kurikulumdan istifadə etməyə çalışıram. Kurikulumun nəticəyönümlülük, tələbyönümlülük və interaktivlik kimi tələbləri müasir təlim üsullarını həyata keçirməyə imkan yaradır.
Mən düşünürəm ki, əgər bir müəllim öz peşəsini, fənnini sevirsə və bunu şagirdlərə hiss etdirirsə, şagirdlər də həmin fənni sevərək öyrənirlər. Şagirdlər üçün esse müsabiqələri təşkil edirəm, izahlı lügətdən mənası anlaşılmayan sözləri tapıb qeyd edirik.
- Müəllim həmkarlarınıza və müəllim olmaq istəyənlərə nə deyərdiniz?
- Müəllimlik ali bir peşədir. Bu peşənin marağı və fədakarlığı kimi, ağırlığı da var. Bildiyimiz kimi, cəmiyyətdə müəllimlərin nüfuzu böyükdür. Hesab edirəm ki, müəllim öz şəxsiyyətini yalnız şagirdləri arasında deyil, ictimai yerlərdə də qorumalıdır. O, həyata baxışı, ədaləti, başqalarına qarşı diqqəti ilə fərqlənməli, fərqli fikir və mövqelərə hörmətlə yanaşıb, tolerantlıq nümayiş etdirməlidir.
Raminə MƏMMƏDOVA,
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı
|
|
01.10.2024 | 17:27 | |
|
|
|