Elmi fəaliyyətə görə maliyyələşmə alimlər arasında sağlam rəqabət yaradacaq - Əfsun Sucayev | |
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi alim və elmi mütəxəssislərin elmi fəaliyyətinə görə maliyyələşməsində olduqca əhəmiyyətli hesab olunan qərar qəbul edib. Söhbət bu yaxınlarda beynəlxalq impakt-faktorlu jurnallarda çap olunan məqalə sayının artırılması istiqamətində təşəbbüslərinin dəstəklənməsi məqsədilə “İmpakt faktor balı” və “İstinad balı” göstəriciləri əsasında elmi iş müəllifləri üçün aylıq ödənişlərin təyin edilməsindən gedir.
“Azərbaycan müəllimi” qəzetinə müsahibəsində Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, professor Əfsun Sucayev qərarla bağlı fikirlərini bölüşüb.
- İlk növbədə qeyd edim ki, bu məsələ Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında ölkəmizdə elmi potensialın gücləndirilməsinin təşviq mexanizmlərinin formalaşdırılması üzrə konkret bir vəzifə olaraq nəzərdə tutulmuşdur. Fundamental tədqiqatlar nöqteyi-nəzərdən dünya elminə hərtərəfli inteqrasiya əsas hədəflərdən biridirsə, deməli elmi fəaliyyəti fərqli yanaşma ilə təşviq etməliyik.
Ölkəmizdə yerinə yetirilən elmi-tədqiqat sahəsində həyata keçirilməsi zəruri olan islahatlar birinci mərhələdə nə qədər ağrılı proses olsa da, müəyyən ixtisarların aparılmasını labüd edir. Sirr deyil ki, hazırda dəqiq və təbiət elmləri üzrə ixtisaslaşmış əksər universitet və elmi mərkəzlərdə mühüm fundamental və tətbiqyönlü elmi nəticələr ayrı-ayrı fərdi alimlərin fəaliyyəti hesabına əldə edilir. Onlar çox vaxt şəxsi təşəbbüsləri ilə pərakəndə şəkildə olsa belə, beynəlxalq elmi-tədqiqat qruplarına qoşulur, müştərək əməkdaşlıq çərçivəsində nüfuzlu xarici jurnallarda məqalələr dərc etdirirlər və onlara dünya alimləri tərəfindən müəyyən istinadlar edilir. Bu da dar çərçivədə özlərinin, geniş mənada çalışdıqları universitet və ya elmi mərkəzin elmmetrik göstəricilərini formalaşdırır.
- Maliyyələşmənin aparılması mexanizmi barədə nə deyərdiniz?
- Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müəllif balının hesablanması üçün müəyyənləşdirdiyi metodologiya başqa bir tərəfdən əslində yuxarıda qeyd etdiyimiz faktı təsdiq edir. Agentliyin hesablaması 2018-2023-cü illər üzrə olmaqla son altı illik dövrü əhatə edən elmmetrik göstəricilər əsasında aparılmışdır. Hesablama zamanı respublika üzrə “Scopus” elmmetrik bazasında ən çox elmi iş dərc olunan 500 müəllif təhlil edilmiş və bu təhlilin nəticəsinə əsasən, 100 ən yüksək göstəricili müəllif seçilmişdir. Agentlik bu məsələdə “Scopus” elmmetrik bazasını əsas götürmüşdür. Digər tərəfdən dünya elmində istər universitet, digər elmi mərkəz olsun, istərsə də alimlər olsun, onların elmmetrik göstəriciləri “Web of Science” qlobal baza məlumatlarına əsasən hesablanır. Çünki “Web of Science” bazasında olan jurnal “Scopus” bazasında mütləq şəkildə ola bilər, amma “Scopus” bazasında arxivləşən hər jurnal “Web of Science” bazasına daxil ola bilmir.
Deməli, yeni yanaşma başqa bir mənzərəni ortaya çıxardı. Belə ki, 2023-cü ilin statistik məlumatlarına görə, ölkəmizin elmi-tədqiqat institutlarında alimlik dərəcəsi olan tədqiqatçıların sayının 7069 nəfər (onlardan 1343-ü elmlər doktoru, 5726-sı fəlsəfə doktoru), ali təhsil sektorunda çalışan alimlərin sayının isə 3681 nəfər (onlardan 541-i elmlər doktoru, 3140-ı fəlsəfə doktoru) olduğunu nəzərə alsaq, onda ən çox elmi iş dərc edən elmi müəlliflərin sayının cəmi 500 nəfər olması qənaətbəxş sayıla bilməz. Buradan belə nəticə çıxarmaq olar ki, ölkəmizdə elmlə məşğul olanlarla yanaşı, belə demək mümkünsə, “elmi məşğul edənlər” daha çoxdur. Maraqlıdır ki, elmi fəaliyyətin elmmetrik göstəriciləri ilə qiymətləndirilməsinə qarşı mövqe ortaya qoyanlar da daha çox elmi məşğul edənlərdir. Qəbul etmək istəmirlər ki, dünyada elmmetrik meyarlarla elmin, alimin qiymətləndirilməsinin və maliyyələşdirilməsinin başqa alternativləri olsa da, onlar əsas götürülmür. Bəli, əgər bir alimin əsas işi elmi tədqiqatla məşğul olmaqdırsa, onun nəticəsi də elmi məhsul olan, kitab, məqalə, patent, konfrans materialıdır. Onların çap etdirdiyi məhsul, rəhmətlik akademik Ziya Bünyadovun vaxtında doğru-düzgün ifadə etdirdiyi kimi “Biləcəridən o tərəfdə oxunmayan” monoqrafiya, məqalədirsə, o zaman bu fəaliyyət “özfəaliyyət”dən başqa bir şey ola bilməz. Ona görə bu yaxınlarda elm və təhsil naziri cənab Emin Əmrullayevin “...Kimsə özünü elm adamı kimi təqdim edəndə, birinci onun yazdıqlarına baxıram. Əgər kimsə 5 il ərzində heç nə yazmayıbsa, mən ona alim deyə bilmirəm. Alim olmaq ortaya məqalə qoya bilmək və başqalarının da bu məqalədən faydalana bilməsi deməkdir. Əgər biz tədqiqat sahəsində davranış dəyişikliyi etsək, sizi əmin edirəm ki, maliyyə dəstəyi də gələcək. Yəni Azərbaycanda tədqiqat mədəniyyətini formalaşdırmaq lazımdır” fikirləri ilə razılaşmaq lazımdır. Emin müəllim hələ böyük təvazökarlıq edərək, ümumiyyətlə beş ildə məqaləsi olmayanları nəzərdə tutsa da, dünyada nüfuzlu jurnalda bir məqaləsi olmayan və istinad gətirməyən elm adamlarını həqiqi alim hesab etmirlər.
- Biz daha çox hansı elm sahələrində məhsuldarlığın aşağı olduğunu deyə bilərik?
- Dəqiq və təbiət elmləri sahəsində vəziyyət yenə elə də pis deyil. Ancaq humanitar və ictimai elmlər sahəsində vəziyyət daha acınacaqlıdır. Orada məhdud sayda institutları nəzərə almasaq, digərlərində çalışan alimlərimizin beynəlxalq əməkdaşlıq əlaqələri və yüksək impakt faktorlu xarici jurnallarda məqalə yayımlamaları yox səviyyəsindədir. Onların ən yaxşı halda fəaliyyətləri il ərzində müəyyən sayda monoqrafiya, kitab və yerli jurnallarda məqalə, konfrans materialları çap etdirməklə məhdudlaşır. Bunun da təəssüf ki, elmmetrik göstəricilərə gözəçarpan bir təsiri olmur.
- Bu gün elmi fəaliyyət sahəsində hansı problemləri qabarıq hesab edirsiniz?
- Bu gün ölkəmizdə elmi fəaliyyət sahəsinin ən böyük problemlərindən biri, bəlkə də birincisi məhz, ondan ibarətdir ki, bu sahədə elmi məhsuldarlıq olduqca aşağı olan elmi işçilərin sayı çoxluq təşkil edir. Onlar tez-tez əməkhaqqılarının azlığını əsas gətirərək, eyni anda başqa yerlərdə də (universitetlər, orta məktəblər, hazırlıq kursları və ya biznes subyektləri) çalışır, əsas iş yeri kimi elmi-tədqiqat institutlarına ancaq ara-sıra gəlib gün keçirməklə, işini bitmiş hesab edirlər. Artıq bundan sonra elm sahəsində keyfiyyət dəyişikliklərinin baş verməsini istəyiriksə, işləyənlə işləməyənləri bir-birindən, başqa sözlə, elmlə məşğul olanları elmi məşğul edənlərdən ayırmaq lazımdır. Akademik elmə zərrə qədər töhfəsi olmayanların elmdən uzaq tutulması ümumi prosesə böyük fayda verə bilər.
- Bu halların qarşısını almaq üçün nə etməliyik?
- İndi heç kimə “sən elmlə məşğul ol, sən olma” deyə bilmərik. Bu addımı atmaq üçün beynəlxalq təcrübədən yararlanmaq mümkündür. Belə ki, qabaqcıl ölkələrdə olduğu kimi, Azərbaycanda da ixtisasından asılı olmayaraq alimin il ərzində elmi fəaliyyətinin qiymətləndirilməsi elmmetrik meyarlar (nüfuzlu jurnallarda məqalə çapı, total istinad, Hirşa indeks və s.) əsasında aparılmalı, reytinq siyahı tərtib edilməli və sonda həmin siyahı üzrə yüksək nəticə göstərənlərin mükafatlandırılması, əksinə sıfır nəticə göstərənlərin (eyni vəziyyətin bir neçə dəfə təkrarlanması müqabilində) əmək müqavilələrinə xitam verilə biləcəyi bir şərt olmalıdır. Belə qiymətləndirməni aparmaq üçün də elmi sahədə çalışan bütün elmi işçilərin qlobal elmi şəbəkələrdə (ResearchGate, GoogleSholar, Mendeley.com, Academia.edu) akademik profil səhifələrinin yaradılması qarşıya bir tələb kimi qoyulmalıdır. Əlbəttə, humanitar-ictimai elmlərin təmsilçiləri üçün bu qiymətləndirmə prosesini dəqiq-təbiət elmlərlə məşğul olanlara nisbətən bir qədər yumşaq formada (minimum göstəricilər əsasında) aparmaq olar. Bu yolla həm elmi mühiti saflaşdırmaq, sağlamlaşdırmaq, həm də alimlər arasında sağlam rəqabət yaradıb, hətta indiyə qədər işləməyənləri də əgər iddia etdiyi kimi elmi varsa bu yolla elmə həvəsləndirmək mümkün olar. Bütün bu tədbirlərə baxmayaraq əgər hansısa alim, son 5 il demirəm, 10 ildə nüfuzlu xarici jurnalda bir məqalə çap etdirə bilmirsə və yaxud onun ümumi elmi fəaliyyəti ərzində əsərinə bir istinad olmamışdırsa, nəticə etibarilə Hirş indeksi sıfıra bərabərdirsə, onunla xudafizləşməkdən başqa yol qalmır.
- Yeni təşəbbüs öz hədəfinə çatacaqmı?
- Bu konsepsiya, ortaya qoyduğu elmi fəaliyyətə görə maliyyələşmə reallıqdan irəli gələn bir obyektiv zərurətdir. Elmi ictimaiyyətin bütün üzvləri tərəfindən açıq dəstəklənməli, alqışlanmalı və bu prosesi növbəti mərhələdə təkmilləşdirərək daha da irəliyə aparmaq lazımdır. Bu kimi tədbirlərlə yaxın gələcəkdə elmi və elmi-pedaqoji kadrların attestasiyası işinin aparılmasını təkmilləşdirmək, elmi-tədqiqatların səviyyəsini yüksəltmək istiqamətində aparılan siyasəti də əsas hədəfinə çatdırmaq mümkün olacaq.
Oruc MUSTAFAYEV
|
|
01.10.2024 | 11:45 | |
|
|
|