“Şuşanın tarixi-mədəni irsini tanıyaq və tanıtdıraq” mövzusunda "dəyirmi masa" keçirilib
30 sentyabrda Təhsil İnstitutu tərəfindən S.C Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında “Şuşanın tarixi-mədəni irsini tanıyaq və tanıtdıraq” mövzusunda "dəyirmi masa" keçirilib.
 
Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə bildirilib ki, görüşdə ARTİ-nin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun əməkdaşları, gimnaziyanın müəllim və şagird kollektivi iştirak ediblər.
 
Gimnaziyanın direktoru İlqar Talıbov iştirakçıları salamlayaraq tədbiri açıq elan edib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
 
ARTİ-nin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılov “Şuşanın tarixi-mədəni irsi: tarixi abidələrin şagirdlərə öyrədilməsi imkanları” mövzusunda təqdimatla çıxış edərək Şuşanın yaranma tarixi, milli-mədəni irsinin formalaşması və elmi-pedaqoji əhəmiyyətindən bəhs edib.
 
Daha sonra AMEA-nın əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Sübhan Talıblı “Şuşanın tarixi-mədəni irsi xarici tədqiqatçıların əsərlərində” və Elnur Mustafayev isə “Şuşanın tarixi məsələləri epiqrafik abidələr işığında” mövzularında təqdimatlarla çıxış ediblər.
 
"Dəyirmi masa"da gimnaziyanın 9-cu sinif şagirdləri Cavad Cəfərli və Ağayar Eminli, 6-cı sinif şagirdləri Lalə Həsənova və Cəmilənur Günəş öz təqdimatlarında Şuşanın tarixi-mədəni irsinin qorunmasını gələcək nəsillərin də başlıca vəzifələri kimi qiymətləndiriblər.
 
"Dəyirmi masa"da təqdimatlar ətrafında geniş müzakirələr aparılıb. ARTİ-nin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin əməkdaşları Nigar Muradova və Mətanət Qurbanova keçirilən tədbirin tərbiyəvi əhəmiyyətindən bəhs ediblər.
 
"Dəyirmi masa"nın sonunda gimnaziyaya elmi ədəbiyyatlar hədiyyə olunub.


01.10.2024 | 10:48