Bakı Ali Neft Məktəbinin komandası növbəti dəfə “Teknofest”də qalib olub

Bakı Ali Neft Məktəbinin (BANM) komandası növbəti dəfə “Teknofest”də qalib olub. 

 

Bu barədə BANM-dən "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, Bakı Ali Neft Məktəbinin “Dərbəndqala - BHOS” komandası Türkiyənin Antalya şəhərində keçirilən “Teknofest” aerokosmik və texnologiya festivalında Bəşəriyyət naminə texnologiyalar üzrə sosial innovasiyalar kateqoriyasında ikinci yeri tutub.  

 

Komandanın elmi rəhbəri Ali Məktəbin İnnovasiya və tədqiqatlar mərkəzinin böyük mühəndisi Emiliya Əhmədova, üzvləri isə "Proseslərin avtomatlaşdırılması" ixtisasının 4-cü kurs tələbələri Zahid Abdullayev, Rəna İsayevə, Rəvan Xıdırov və "Biznesin idarə edilməsi" ixtisasının 4-cü kurs tələbəsi Murad Əliyevdir.  

 

“Dərbəndqala - BHOS” komandası öz kateqoriyası üzrə ən yüksək bal-97 bal, toplayaraq birinciliklə “Teknofest” finalına vəsiqə qazanıb və finalda 86,31 toplayaraq yarışı ikinciliklə bitirib. Bununla yanaşı, “Dərbəndqala - BHOS” komandası öz kateqoriyası üzrə finala vəsiqə qazanmış yeganə xarici komanda olub. 

 

Komanda 50,000 TL dəyərində pul mükafatına layiq görülüb. Mükafatlandırma mərasimi 2-6 oktyabrda Adanada baş tutacaq.  

 

Xatırladaq ki, Ali Məktəbin “BHOSWARE” komandası Festivalın “Hackmasters” kateqoriyası üzrə keçirilən CTF yarışında I yeri qazanıb.

 

 Komanda 180,000 TL dəyərində pul mükafatına layiq görülüb.



30.09.2024 | 21:31