Məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün təlimlərə başlanılıb | |
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) birgə əməkdaşlığı çərçivəsində paytaxt Bakıda və regionlarda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin müdir, aşpaz və aşpaz köməkçiləri üçün 2024-2025-ci tədris ili üzrə təlimlərə start verilib.
Bu çərçivədə AQTİ-nin Təlim Mərkəzi tərəfindən “Qida sahəsində gigiyena tələbləri” mövzusunda ilk təlim keçirilib. Təlimdə iştirakçılara “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumat verilib. İştirakçılar müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılıb. İnteraktiv formada təşkil edilən təlimin sonunda müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib.
Qeyd edək ki, 30.09.2024-cü il tarixdən start verilən təlimlərə məktəbəqədər təhsil müəssisələrinin 1600-ə yaxın müdir, aşpaz və aşpaz köməkçisinin cəlb olunması planlaşdırılıb.
Təlimlərlə yanaşı, AQTİ və MÜTDA arasındakı əməkdaşlıq çərçivəsində məktəbəqədər təhsil müəssisələrində sanitariya-gigiyena və qida təhlükəsizliyi ilə bağlı tələblərə riayət olunub-olunmamasına dair monitorinq və qiymətləndirmənin aparılması, eləcə də müvafiq müəssisələrdən götürülmüş qida nümunələri əsasında laboratoriya xidmətlərinin təşkili nəzərdə tutulub. Ümumilikdə, bu ilin sonunadək paytaxtda və bölgələrdə fəaliyyət göstərən 450 məktəbəqədər təhsil müəssisəsində sanitariya-gigiyena qaydalarının və qida təhlükəsizliyinin təmin olunması ilə bağlı fəaliyyətlərin icrası gözlənilir.
Qeyd edək ki, Bakıda və regionlarda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin müdir, aşpaz və aşpaz köməkçiləri üçün 2023-2024-cü tədris ilində də “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlimlər təşkil olunub.
|
|
30.09.2024 | 17:30 | |
|
|
|