ADPU və Moskva Dövlət Pedaqoji Universiteti əməkdaşlıq müqaviləsi imzalayıblar
Sentyabrın 25-də Moskva Dövlət Universitetinin İntellektual Mərkəzində – Fundamental Kitabxanada I Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilib.
 
Azərbaycan Dövlət Pedaqoji Universitetindən "Azərbaycan müəllimi"nə bildirilib ki, Forumda Rusiya və Azərbaycan tərəfindən elm və təhsil sahəsinin rəsmiləri, o cümlədən Rusiyanın elm və ali təhsil naziri Valeri Falkov, Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Rusiya Rektorlar İttifaqının prezidenti və Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi iştirak ediblər.
 
Foruma iki ölkədən 70-dən çox ali təhsil müəssisəsinin nümayəndələri qatılıblar. Tədbirdə müvafiq dövlət qurumlarının, Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının elmlər akademiyalarının nümayəndələri təbrik və məruzələrlə çıxış ediblər.
 
Forumda iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov “Təhsil sahəsində universitetlərarası əməkdaşlığın inkişafı” sessiyasında məruzəçi kimi çıxış edib.
 
Forum çərçivəsində keçirilən sessiyalar və ekspert görüşlərində Azərbaycan və Rusiya arasında ali təhsil və elm sahəsində əməkdaşlığın inkişafı, o cümlədən təhsil müəssisələri və özəl sektor arasında birgə əməkdaşlıq imkanları müzakirə olunub, həmçinin Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının iclası keçirilib.
 
Səfər çərçivəsində ADPU ilə Moskva Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Moskva Dövlət Linqvistika Universiteti ilə olan mövcud müqavilənin yenilənməsi və əməkdaşlığın davam etdirilməsi haqqında razılıq əldə olunub.
 
ADPU-nun bu forumdakı iştirakı Rusiya ilə təhsil və elm sahəsində əməkdaşlığa yeni təkan verərək, universitetlərarası birgə layihələrin həyata keçirilməsi, akademik mübadilə və birgə tədqiqatların aparılmasına mühüm töhfə verəcək.


30.09.2024 | 16:31