Təhsil İnstitutunda TALIS tədqiqatı ilə bağlı müzakirə təşkil edilib | |
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 2008-ci ildən bəri həyata keçirilməyə başlanılan və hazırda hər altı ildən bir həyata keçirilən TALIS tədqiqatında ölkəmiz bu il ilk dəfə olaraq iştirak edib. Müvafiq tədqiqat ölkəmizdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən təşkil edilir.
İnstitutdan "Azərbaycan müəllimi"nə bildirilib ki, ARTİ-nin Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsi, Təhsilverənlərin peşəkar inkişafı mərkəzi və Metodik dəstək mərkəzinin müvafiq əməkdaşlarının iştirakı ilə 27 sentyabrda TALIS tədqiqatı ilə bağlı görüş həyata keçirib. Görüş zamanı TALIS tədqiqatı çərçivəsində müəllimlərin peşəkar öyrənməsi istiqamətində istifadə olunan sual növləri, həmin sualların hansı mövzuları əhatə etməsi və bunun Azərbaycanda müəllimlərin peşəkar öyrənmə proqramlarına necə tətbiq edilə biləcəyi barədə müzakirələr edilib. Bundan əlavə, TALIS-də araşdırılan digər mövzular üzrə də geniş fikir mübadiləsi aparılıb.
Məlumat olaraq qeyd edək ki, TALIS tədqiqatında müəllimlər və məktəb rəhbərləri aşağıda qeyd olunan istiqamətlər üzrə sualları cavablandırır:
• Müəllimlərin peşəkar inkişafı;
• Müəllimlərin tədrisə dair baxışları;
• Müəllimlərin işinin qiymətləndirilməsi;
• İş yerində müəllimlərin və məktəb rəhbərlərinin qarşılaşdıqları problemlər;
• Müəllimlərin və məktəb rəhbərlərinin idarəetmə haqqında fikirləri.
Həmçinin əlavə edək ki, əsas mərhələdə Azərbaycan üzrə seçilmiş 223 məktəbin 222-sinin iştirak etdiyi TALIS 2024 tədqiqatında ümumilikdə 222 (99%) direktor və 4307 (99%) müəllim sorğunu tamamlayıb. Bu müəssisələrdən 199-u dövlət, 19-u özəl, 4-ü isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə tabeli məktəb olub.
|
|
30.09.2024 | 09:52 | |
|
|
|