TSİİ rəhbəri Çində rəqəmsal texnoloji mərkəzlərdə olub
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin (TSİİ) rəisi Vüsal Xanlarov Huawei şirkətinin Dongguan şəhərində yerləşən baş qərargahında olub. İdarə rəisi şirkətin qlobal tədqiqat və inkişaf mərkəzində telekommunikasiya, istehlakçı elektronikası və bulud hesablamaları kimi sahələrdə görülən işlərlə tanış olub.
 
İdarədən "Azərbaycan müəllimi"nə bildirilib ki, səfər çərçivəsində Vüsal Xanlarov qərargah nəzdində yaradılmış Huawei Universitetinə də baş çəkib. Huawei Universitetinin əməkdaşları tərəfindən işçilər və tərəfdaşlar üçün davamlı təlim proqramlarını və öyrənmə imkanlarını təmin edən  infrastruktur nümayiş etdirilib, eyni zamanda İKT, süni intellekt, bulud hesablamaları və digər qabaqcıl texnologiyalar sahəsində sənaye meyillərinə dair həllər barədə məlumat verilib.
 
Daha sonra Dongguan şəhərində yerləşən Təhsilin rəqəmsallaşdırılması idarəsinə baş çəkən Vüsal Xanlarov mərkəzin rəhbərliyi ilə görüşüb. Görüş zamanı İKT-dən istifadənin artırılmasına, e-təlim platformalarının təşviqinə və tədris və öyrənmə təcrübələrini təkmilləşdirmək üçün süni intellekt və dövlət buludunda müxtəlif qurumların verilənlər bazasının inteqrasiyasına fokuslanan infrastruktur nümayiş etdirilib. Qeyd edək ki, qurumun fəaliyyəti 1900 təhsil müəssisəsini və 1 milyon 700 min şagirdi əhatə edir və onların müvafiq elektron infrastrukturla təchiz edilməsinə dəstək göstərir. Mərkəz daxilində müəllimlər üçün təchiz edilmiş studiyalar onların bacarıqlarını təkmilləşdirmək, yeni məzmunun yaradılmasına xidmət edir. Bu isə öz növbəsində təhsilverənlər üçün tədris resurslar, alətlər və peşəkar inkişaf imkanlarını təmin edən onlayn öyrənmə kontekstində istifadə olunan təhsil platformasına əlçatanlığı təmin edir.
 
Görüş nəticəsində qurumlararası əməkdaşlıq və təcrübə mübadiləsi müzakirə edilib.


29.09.2024 | 22:40