Azərbaycan elminin inkişafında misilsiz xidmətləri olan Azad Mirzəcanzadə
Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944–1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində alıb və dağ mühəndisi ixtisasına yiyələnib. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. 1959-cu ildə professor adını alıb, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilib.
 
Pedaqoji fəaliyyəti
 
Azad Mirzəcanzadə pedaqoji fəaliyyətə 1944-cü ildə Bakı şəhərində 44 nömrəli orta məktəbdə müəllim kimi başlayıb. O, 1948–1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb, 1958–1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin 1966–1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olub, 1969–1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973–1989-cu illərdə keçmiş Ümumittifaq Elmi Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi Tədqiqat İnstitutunun direktoru vəzifələrində işləyib.
 
Son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadə elmi yaradıcılığını pedaqoji fəaliyyətlə də məşğul olub, yüksək ixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf edib, Azərbaycan Respublikasının hazırkı inkişaf mərhələsində ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak edib.
 
1951–1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin nəzəri mexanika kafedrasının dosenti, 1957–1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri işləyib. Azad Mirzəcanzadə orta məktəblərdə dəqiq elmlərin tədrisi ilə bağlı bir sıra layihələrin də müəllifi idi.
 
1992–2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olub, 1993–2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik edib.
 
Elmin inkişafında xidmətləri
 
Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan Azad Mirzəcanzadə Azərbaycanda tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanıb. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılıb.
 
Alimin neft və qaz-kondensat yataqlarının mənimsənilməsi və istismarının əsaslarına həsr olunmuş tədqiqatlarında neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrinin aktual problemləri öz həllini tapıb. 400-ə yaxın elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifi olan Azad Mirzəcanzadə özünün elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirib. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanması və tətbiq edilməsi tanınmış alimin başlıca elmi nailiyyətləri sırasındadır. Yaradıcılığının son dövründə onun tədqiqatlarının əsas elmi istiqamətlərini neft-qaz yataqlarının sinergetik analizi təşkil edirdi.
 
Elmi nailiyyətləri
 
 
Maye və qabların süzülməsində başlanğıc təzyiqlər qradiyenti nəzərə alınmaqla qanun təklif edilib. Məsaməli mühitdə qazkondensat sistemlərinin süzülməsi və özlü plastik mayelərin hərəkətini təsvir edən differensial tənlik təklif edilib.
 
Süzülmənin relaksasiya qanunu təklif edilməsi qazkondensat sistemləri və qeyri-Nyuton neft yataqlarının işlənməsinin metodik əsasları işlənilmiş və tətbiq edilib.
 
Mürəkkəb şəraitdə quyuların qazılmasının hidrodinamik əsasları işlənilib.
 
Quyuların qazılması, neft-qaz yataqlarının işlənməsi və neft nəqlinin iş rejimlərinin tənzimlənməsi üçün müxtəlif fiziki sahələr təklif və tətbiq edilib.
 
Neftqazçıxarmanın texnoloji prosesləri üçün sistemli təhlil işlənilmişdir. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodları yaradılmış və tətbiq edilib.
 
Azad Xəlil oğlu Mirzəcanzadə 2006-cı il iyulun 17-də, 78 yaşında vəfat edib.


29.09.2024 | 15:08