Azərbaycanın 30 təhsil işçisi Qazaxıstanda beynəlxalq təlimdə iştirak edib | |
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə “Nazarbayev İntellektual Məktəbləri” ASC-nin Pedaqoji Ustalıq Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən 11 avqust – 8 sentyabr 2023-cü il tarixlərində 30 nəfər təhsil işçisi “Müasir müəllim, tədrisdən tədqiqata” mövzusunda beynəlxalq təlimdə iştirak edib. 4 modullu təlimin 2 modulu Qazaxıstanın Astana şəhərində, digər 2 modulu isə Bakıda təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb. Bildirilib ki, qurulan əməkdaşlıq sayəsində təlimdə iştirak edən müəllimlərin tədris apardığı məktəblərdə “Lesson Study” metodologiyasının tətbiqinə başlanılıb. Təhsil İnstitutunun əməkdaşları prosesin monitorinqini aparıb və lazımi tövsiyələr veriblər.
“Lesson Study” peşəkar öyrənmə aləti olaraq, indi dünyanın müxtəlif yerlərində tətbiq edilir və bu, məktəblərin öyrənmə icmalarına çevrilməsinə kömək edir.
Qeyd edək ki, hər il müxtəlif ölkədə təşkil olunan WALS (World Association of Lesson Studies) bu il Qazaxıstanın Astana şəhərində keçirilir. 24-26 sentyabr tarixlərini əhatə edən beynəlxalq konfransda Azərbaycan məktəblərini ARTİ-nin əməkdaşı Gülbəniz Abdullayeva və Bakı Avropa liseyinin müəllimi Pərvinə Qədimova təmsil edir. Onlar “Lesson Study” texnologiyasının Azərbaycanda tətbiqi, monitorinqi, qısa müddət ərzində əldə olunmuş nəticələri haqqında təqdimatla çıxış ediblər.
Konfransda WALS-ın prezidenti Ketrin Karol Levis, müxtəlif ölkələrdən Lesson Study üzrə mütəxəssislər Toşiya Çiçibu, Tetsuo Kuramoto, Eleyn Vilson, Piter Dadli, Darius Radkevicius, Oistein Kristiansenin çıxışları dinlənilib.
Ekspertlər tərəfindən Azərbaycanın konfransda iştirakı müsbət qarşılanıb.
|
|
27.09.2024 | 16:33 | |
|
|
|