Şuşada “Rəqəmsal savadlılıq” mövzusunda təlimlər keçirilib | |
Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzi tərəfindən yurd yerlərinə qayıdan əhali üçün “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsinə uyğun olaraq “Rəqəmsal savadlılıq” mövzusunda növbəti təlimlər baş tutub.
Bu barədə "Azərbaycan müəllimi"nə Təhsil İnstitutundan məlumat verilib.
23-27 sentyabr tarixində Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə keçirilən təlimlərin əsas məqsədi işğaldan azad olunmuş ərazilərə köçürülən əhalinin müasir texnologiyalardan (İKT) istifadəsi üzrə praktik (təcrübi) bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.
Təlim müddətində müdavimlərə XXI əsrin rəqəmsal bacarıqları, İKT kompetensiyaları, “Google” alətlərindən istifadə qaydaları, rəqəmsal transformasiya, əməliyyat ssistemləri, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, elektron hökumət, Azərbaycan Təhsil Şəbəkəsinin veb-layihələri və digər istiqamətlər üzrə səriştələr tədris olunub. Nəzəri biliklərin səmərəliliyinin artırılması üçün müasir resurslardan istifadə etməklə, praktik məşğələlər təşkil olunub.
Qeyd edək ki, təlimlər ARTİ tərəfindən ölkənin işğaldan azad edilmiş ərazilərində “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsinə uyğun olaraq, mütəmadi təşkil edilir.
|
|
27.09.2024 | 16:18 | |
|
|
|