Vətən sevgisi ilə dolan ürəklər - Müəllimlərimizin qəhrəmanlıq dastanı
“O qədər arzulamışam ki, qələbəni...”
 
Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsinin qəhrəmanları arasında elələri də var ki, həm döyüş meydanında, həm də təhsil sahəsində böyük fədakarlıqlar göstəriblər. Mingəçevir şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın çağırışaqədərki hazırlıq rəhbəri Elçin Teymurov da onlardan biridir.
 
1992-ci ildə Ağdam və Ağdərə istiqamətlərində gedən döyüşlərdə hələ kursant olan Elçin müəllim, müharibənin acı reallıqlarını, erməni vandalizminin dəhşətlərinin canlı şahidi olaraq yaşayıb. Xalqımıza qarşı edilən amansızlıqlar onun yaddaşında silinməz izlər buraxıb. “Həyatım boyu bu haqsızlıqlarla barışa bilmədim”, - deyir Elçin müəllim.
 
 
2016-cı ildə gimnaziyada hərbi rəhbər müəllimi olaraq fəaliyyətini davam etdirən E.Teymurov Aprel döyüşləri başlayanda ürəyindəki Vətən sevgisinin səsinə səs verərək yenidən ordu sıralarına qayıdıb. “Ehtiyatda olan hərbçi olaraq hər zaman hazır olmalı idim. O qədər arzulamışam ki, qələbəni...”, - deyə hisslərini bölüşür.
 
Onun qəlbində titrəyən şeir:
 
Qalx igidim! Yenə dağ başını duman aldı,
Parçalandı bir qitənin torpaqları,
Aslan payını aslan olmayan aldı!
Qalx igidim, yenə dağ başını duman aldı!
 
Aprel döyüşlərindən sonra müharibənin yenidən başlayacağına inanan Elçin müəllim geri qayıtmayıb. Və nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində ön cəbhədə döyüşüb.
 
Horadizdən Şuşaya qədər döyüş yolu keçən Elçin müəllim əslən Yevlax rayonunun Əkşəm kəndindəndir. Onun Qarabağın azad olunmasındakı fədakarlıqları tariximizin parlaq səhifələrində yer alacaq. Müharibə bitsə də, “Hələ geri qayıtmaq tezdir”, - deyərək 2023-cü ilə qədər hərbi xidmətini davam etdirib.
 
“İndi tam rahat şəkildə evə qayıtmaq vaxtı idi. İşğaldan azad olunmuş torpaqlarımıza xalqımız köç edir, əzəli və əbədi torpaqlarımız dirçəlir, Vətən oğulları onu qoruyur artıq. Ürəyim rahatdır”, - deyir Elçin müəllim. “Amma mən o torpaqlara ayaq basa bilmirəm”, - deyərkən gözləri dolur. Səbəbini soruşduqda isə döyüş meydanında itirdiyi əsgərlərini xatırlayır: “Çox ağır idi, bir əsgərin sənə ümid dolu baxan valideyninə şəhid xəbərini çatdırmaq. Mən hələ də o günlərin ağrı-acısını yaşayıram. Ora gedəndə torpağın hər qarışında can verən cavan-cavan oğullarımız gəlir gözümün önünə”.
 
 
İndi gimnaziyada təhsil alan şagirdlərinə vətənpərvərlik ruhunu aşılayır. “Onlarla sakitlik tapıram, şagirdlərim də mənim kiçik əsgərlərimdir”, - deyə gülümsəyir. Tez-tez Şəhidlər Xiyabanına ziyarətə aparır onları. Orada şəhid olan oğullarımızın hərb tarixindən, keçdikləri qəhrəmanlıq salnaməsindən danışır. “Fəxr edirəm ki, Vətən torpaqlarının azadlığı uğrunda mənim də payım olub və o tarixi zəfərləri şagirdlərimə danışıram. Bəlkə də onların duaları məni o hərb meydanından sağ çıxartdı. Bilmirəm. Nə qədər ki, canımızda can var, bu Vətən, bu torpaq üçün fəda olsun. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”.
 
Elçin müəllim Cəbrayıl, Xocavənd, Şuşa şəhərlərinin işğaldan azad olunmasına görə “Qüsursuz xidmətə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli və “Vətən müharibəsi iştirakçısı”  medalları ilə Prezident İlham Əliyev tərəfindən təltif olunub.
 
 
Elçin müəllimin həyat hekayəsi Vətənə bağlılığın, fədakarlığın və əsl müəllimlik missiyasının ən gözəl nümunəsidir. Onun kimi müəllimlərimizin sayəsində gənc nəsil Vətən sevgisi ilə yoğrulur, milli ruhda tərbiyə alır.
 
“Azərbaycan müəllimi” qəzetinin oxucularına təqdim etdiyimiz bu məqalə Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək, onların şücaətini gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. Elçin müəllim kimi igidlərimizin həyatı hər birimiz üçün örnək olmalıdır.
 
Vətən sağ olsun! Qarabağ Azərbaycandır!
 
                                                             ***
 
Vətən sevgisi ilə Ağalıya gedən müəllim
 
Azərbaycanın fədakar müəllimlərindən biri olan Şəmsiyyə Şəmsəddinova Qarabağın ilk məktəbində - Ağalı kənd tam orta məktəbində fəaliyyət göstərir. O, Yevlax rayonunun Ərəş kəndində anadan olub və Mingəçevir Dövlət Universitetinin məzunudur.  
 
 
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan Şəmsiyyə müəllim könüllü olaraq Ağalı kənd tam orta məktəbini seçib. “Niyə məhz Ağalı məktəbi?” - sualını isə o, belə cavablandırır: “Bu torpaqların arzusunda olmuşam. Bizi bura gətirən Vətən sevgisi və Vətənə xidmət amalıdır. Qadınam, səngərdə vuruşa bilmərəm, çünki Vətənimizi qoruyan igid qardaşlarımız var. Mən də Vətənə borcumu bu şəkildə ödəməyə çalışıram”.
 
Artıq 3 ildir ki, Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində fəaliyyət göstərən vətənpərvər   pedaqoq hələ müəllimlik ixtisasını seçərkən məhz sərhəd bölgələrində çalışmağı qarşısına məqsəd qoymuşdu: “Arzum bu torpaqlarda çalışmaq idi. İnanırdım və o günü həsrətlə gözləyirdim. Bu günləri bizə yaşadan Ali Baş Komandanımız İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzu edirəm. Xalqı xalq edən onun rəhbəri, bayrağı tac edən isə onun əsgəridir.
 
Qarabağda tarix yazılıb və mən də o tarixin səhifəsində yer almışam. Bir müəllim üçün bundan gözəl nə ola bilər ki? - deyən Şəmsiyyə müəllim, Vətənə olan sevgisini və fədakarlığını ifadə edir. Qarabağda layiqli igidlər yetişdiririk. Əsgərlərimiz ön, biz isə arxa cəbhədə mübarizə aparırıq”.
 
 
Bu gün artıq çiçəklənən Qarabağımızda aparılan abadlıq-quruculuq işlərindən danışan Ş.Şəmsəddinova  geri aldığımız torpaqlarımızda universitetin və bir çox məktəblərin fəaliyyətə başlamasından sevinclə söz açır: “Azərbaycan xalqına xoş günlər yaraşır. Ağalı kənd tam orta məktəbi müasir texnologiyalarla tam təmin olunmuş bir məktəbdir. Burada hər şey o qədər gözəldir ki… Dərslərimiz yüksək səviyyədə təşkil olunur. Ümidvaram ki, Qarabağın ilk təhsil ocağı olan Ağalı məktəbi şagirdlərinin yüksək təhsil nəticələrinə görə Respublika üzrə birincilikdə yer alacaq.
 
Mən də bir müəllim olaraq bu məsuliyyətli yolda öz missiyamı sonuna kimi yerinə yetirəcəyəm. Vətən sənə canım fəda! Qarabağ Azərbaycandır!”.
 
Bəli, Vətən sevgisi ilə Qarabağın ilk məktəbində çalışan Şəmsiyyə müəllim kimi fədakar təhsil işçilərimizin sayəsində gələcəyimiz olan gənc nəsil Vətənə bağlı, savadlı və vətənpərvər olaraq yetişməkdədir. Onların əməyi və əzmi ilə Qarabağda yeni bir tarix yazılır.
 
 
Aynur Araz,
Mərkəzi Aran üzrə regional təmsilçi
 


27.09.2024 | 16:15