Lütfi Zadənin elmi irsinə həsr olunmuş IX Ümumdünya Konfransı keçirilir
Sentyabrın 25-də “Caspian Plaza”da dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi mərhum professor Lütfi Zadənin elmi irsinə həsr olunmuş "Soft Computing" üzrə IX Ümumdünya Konfransı başlayıb.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, ABŞ, Macarıstan, Rumıniya, Rusiya və digər ölkələrdən Lütfi Zadə elmi məktəbinin davamçıları olan nüfuzlu elm adamları tədbirdən əvvəl görkəmli alimin Fəxri xiyabandakı məzarını ziyarət ediblər.
 
Tədbiri açan Azərbaycanda Lütfi Zadə elmi irsinin tanınmış tədqiqatçısı, konfransın təşkilatçısı professor Şahnaz Şahbazova məşhur alimin həyatından, onun dünya elmində xüsusi yeri olan və hazırda bütün ölkələrdə texnoloji sahələrdə geniş tətbiq sahəsi tapan nəzəriyyələrinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Lütfi Zadənin elmi irsinə həsr olunmuş bu cür tədbirlərin təşkilinin onun davamçıları olan alimlərimizə, eləcə yə tələbələrimizə çox xeyri var. Ona görə də, bu cür konfransların təşkili nə qədər çətin və əziyyətli olsa da, Lütfi Zadəni yaşatmaq, onun elmini inkişaf etdirmək üçün çox vacibdir.
 
“Hazırda bütün dünya onun əsasını qoyduğu  elmin astanasındadır, atıq inteqral sistemlərə yaxınlaşırıq, onları tətbiq etməyə çalışırıq. Lütfi Zadə hər dəfə mənə deyirdi ki, elmi nəzəriyyələrinin nəticələrinin məhz doğulduğu Azərbaycanda, vətəndə tətbiq olunmasını görmək ən böyük arzusudur”, - deyə Ş.Şahbazova bildirib. 
 
O, tədbirdə dünyanın ayrı-ayrı ölkələrindən nüfuzlu professorların, eləcə də tələbə gənclərin iştirak etməsini dahi azərbaycanlı alimin elmi irsinə yüksək maraq və diqqətin bariz nümunəsi kimi qiymətləndirib. 
 
Daha sonra çıxış edənlər - Polşanın Sistem Tədqiqatları İnstitutunun İntellekt Sistem Laboratoriyasının rəhbəri, Avropa Elmlər Akademiyasının üzvü professor Yanusz Kacprzyk, Belçikanın Gent Universitetinin Bioelm mühəndisliyi fakültəsinin Məlumatların təhlili və riyazi modelləşdirmə departamentinin rəhbəri, Biliyə əsaslanan Sistemlər tədqiqat bölməsinin müdiri professor Bernard De Beets, ABŞ-nin Texas Universitetinin professoru Vladik Kreinoviç, Rumınıyanın Aurel Viaicu Univetrsitetinin professoru Marius M.Balas Lütfi Zadənin dünya elminə verdiyi töhfələrdən, onun elm nəzəriyyələrinin əhəmiyyətindən danışıblar.
 
Rusiyalı professor Nadejda Yaruşkina qeyd edib ki, Lütfi Zadə rektoru olduğu Ulyanovsk Dövlət Texniki Universitetinin fəxri professorudur.
 
“Biz onun onun elmi nəzəriyyələrini, qeyri-səlis məntiq sahəsində tədqiqatlarını  çox yüksək qiymətləndirir və onun  elmi işlərini davam etdiririk. Düşünürəm ki,  o, sadəcə qeyri-səlis sistemlərdən  daha böyük iş görüb: o bizlərə elm barədə dərindən düşünməyi öyrədib. Bu isə elmi inkişafı üçün çox vacibdir”, - deyə rusiyalı professor bildirib.
 
Daha sonra tədbir görkəmli alimlərin plenar sessiyalarda çıxışları ilə davam edib.
 
Konfransın əsas məqsədi yumşaq hesablama, qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar, idrakda qeyri-müəyyənlik, qrafik modellər, biliklərin əldə edilməsi, informasiyanın sintezi və aqreqasiyası, biliyin təmsil olunması, ontologiyalar, qərarlara dəstək, koqnitiv modelləşdirmə, oyun nəzəriyyəsi sahəsində bir çox  mövzularla bağlı alimlərin ən son araşdırmalarını və nəticələrini təqdim etməkdir. Tədbir eyni zamanda yumşaq hesablamanın müxtəlif sahələrində ən son nailiyyətləri və innovasiyaları təqdim etmək, düşündürücü inkişafları və problemləri müzakirə etmək və potensial gələcəyi nəzərdən keçirmək üçün tədqiqatçıları, mühəndisləri və praktikantları bir araya gətirmək məqsədi daşıyır. Konfransın məqsədlərindən biri gənc tədqiqatçıların adıçəkilən sahələrdə iştirakını təşviq etməkdir.
 
Konfransda təqdim olunan seçilmiş məqalələr “Web of Science” tərəfindən indeksləşdirilən "Springer"in “Soft Computing Application Series” jurnalında dərc olunacaq və mükafatlandırılan məqalələr “Fuzzy Sets” və “System Journal”da dərc olunması üçün tövsiyə olunacaq.
 
Qeyd edək ki, konfrans öncəki illərdə Amerikanın Texas, Kalifornia, Vaşinqton kimi ştatlarında keçirilib və ilk 6 tədbirə Lütfi Zadə şəxsən qatılıb. Konfrans sentyabrın 28-də başa çatacaq. Konfransın sonunucu günü süni intellekt və kibertəhlükəsizlik mövzularına həsr olunacaq. 
 
Oruc MUSTAFAYEV


26.09.2024 | 11:43