LDU-da “Plastik Yaşıl Dünya naminə” mövzusunda "dəyirmi masa" keçirilib
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin icrası və COP29-la bağlı silsilə tədbirlər davam etdirilir. Növbəti belə tədbirlərdən biri Vətəndaş cəmiyyəti, elm və təhsil sektorlarının birgə əməkdaşlığı ilə ərsəyə gələn “Plastik Yaşıl Dünya naminə” mövzusunda "dəyirmi masa" olub. 
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki,  LDU-nun rektoru proessor Natiq İbrahimov tədbirin tərəfdaşlarından olan ETN Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, “Ruzgar” İctimai Birliyinin sədri professor İslam Mustafayevi və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə LDU-da ekoloji mövzuda kadr hazırlığı, bu sahədə son illərdə görülmüş işlər, qarşıda duran vəzifələr, COP29-la bağlı keçirilən tədbirlər, ölkədə və bölgədə ekoloji problemlərin tənzimlənməsi istiqamətində birgə fəaliyyətin vacibliyi, elmi əməkdaşlığın istiqamətləri və s. barədə ətraflı söz açılıb, təklif və rəylər səslənib.
 
Görüşdən sonra LDU-nun  professor-müəllim-tələbə heyətinin birgə iştirakı ilə "dəyirmi masa2 keçirilib. "Dəyirmi masa"nı LDU-nun elm və innovasiya məsələləri üzrə prorektoru dosent Elvin Əliyev açıb və COP29-la bağlı LDU-da keçirilmiş tədbirlərdən, dünyada və ölkədə ekoloji tarazlığın qorunmasının vacibliyindən danışıb.
 
ETN Radiasiya Problemləri İnstitutunun baş direktoru professor İslam Mustafayev “Plastik tullantıların idarə olunması: Problemlər və onların həlli yolları”, sözügedən institutun elmi katibi dosent Əminə Mikayılova “Yaşıl dünya naminə həmrəylik ilində COP29-a doğru”,  Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Emil Qafarov “Yaşıl dünya naminə həmrəylik ilində tədrisin təşkili”, PRİ-nin təhsil şöbəsinin müdiri b.üzr.f.d. Nərmin Quliyeva “Hirkan Milli Parkının biomüxtəlifliyi” mövzularında məruzə ediblər. Məruzələr ətrafında fikir mübadiləsi edilib, suallar cavablandırılıb.
 
"Dəyirmi masa"dan sonra LDU tələbələrinin iştirakı ilə Xəzər dənizinin plastik tullantılardan təmizlənməsi ilə bağlı aksiya keçirilib.


24.09.2024 | 14:22