MÜSİAD Azərbaycan nümayəndə heyəti Təhsilin İnkişafı Fondunda olub
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycanın  İdarə Heyətinin sədri Rəşad Cabirli, Maliyyə və Planlama Komissiyasının sədri Azər Göyüşov, Təhsil və Mədəniyyət Komissiyasının sədri, İdarə Heyəti üzvü Elvin Əliyev və Gənc MÜSİAD Azərbaycan sədri, İdarə Heyəti üzvü Akif Başoğlu Təhsilin İnkişafı Fondunun (TİF) qonağı olublar.
 
TİF-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun 2023-cü il ərzində gördüyü işlər, eləcə də 2024-cü il üçün təqsdiq edilən fəaliyyət istiqamətləri haqqında məlumatı diqqətə çatdıraraq, hər iki qurumun fəaliyyətinin kəsişdiyi layihələr üzrə əməkdaşlığa hazır olduğunu vurğulayıb. E.Nəsibov Fondun “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti və Kapital Bank ilə birgə həyata keçirilən “TələbəPlus” layihəsi haqqında ətraflı məlumat verərək, layihənin məqsədinin tələbələrin eyni güzəşt və endirimlərdən faydalanmalarını təmin etmək, onların sosial həyatına dəstək göstərmək olduğunu bildirib.
 
MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli görüş iştirakçılarına qurum haqqında ətraflı məlumat verərək MÜSİAD Azərbaycanın gördüyü işlərdən danışıb. R.Cabirli 1990-cı ildə İstanbulda qurulan MÜSİAD-ın, Türkiyədə 84, 81 fərqli ölkədə isə ümumilikdə 169 məntəqə ilə xidmət edən “İşadamları Dərnəyi” olduğunu diqqətə çatdırıb. Rəşad Cabirli müxtəlif sahələrdən olan MÜSİAD Azərbaycan üzvləri ilə Fond arasında qısa zamanda geniş tərkibdə görüşün keçirilməsi istəyini bildirib.
 
Görüş zamanı həmçinin Təhsilin İnkişafı Fondu ilə MÜSİAD Azərbaycan arasında əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi aparılıb.


24.09.2024 | 10:29