ARTİ yeni tədris ili əlaqədar Məktəbin İnkişaf Planı reallaşdırılan məktəblərin idarə heyəti ilə görüş keçirib
Təhsil İnstitutunun (ARTİ) Metodik Dəstək Mərkəzi (MDM) tərəfindən yeni tədris ili əlaqədar Məktəbin İnkişaf Planı (MİP) reallaşdırılan ümumi təhsil müəssisələrinin idarəetmə heyəti ilə görüş keçirilib.
 
İnstitutdan "Azərbaycan müəllimi"nə bildirilib ki, MDM tərəfindən Məktəbin İnkişaf Planı (MİP) reallaşdırılan 19 məktəbin (18, 35, 38, 51, 75, 154, 178, 227, 301, 91, 111, 159, 162, 238, 242, 260, 265, 276, 284) idarəetmə heyəti ilə 20 sentyabr tarixində onlayn görüş təşkil edilib.
 
Görüşün əsas məqsədi MİP reallaşdırılan məktəblərdə yeni tədris ilində məktəbin inkişafı üzrə məqsəd, hədəf və fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar olub. Müzakirə prosesində ARTİ MDM-in əməkdaşları, məktəb direktorları və direktor müavinləri iştirak ediblər.
 
Yeni tədris ilində MİP-in reallaşdırılması məktəblərdə öyrədici və dəstəkləyici mühitin inkişaf etdirilməsi və şagirdlərlə işin təşkilinin reallaşdırılmasını əhatə edir. Bu istiqamətdə MİP çərçivəsində həyata keçirilən fəaliyyətlər, idarəetmə heyətinin fəaliyyəti, fənn müəllimlərinin metodiki və pedaqoji bacarıqlarının peşəkar inkişafının üstünlükləri, məktəbin öyrənmə mühitinin formalaşdırılması, metodik görüşlərin icrası, qarşılıqlı dərsdinləmələr və keçirilən digər fəaliyyətlərlə əlaqədar görülmüş işlər istiqamətində müzakirə aparılıb. Eləcə də idarəetmə heyətinin üzvləri ilə MİP-in fəaliyyətlərinin icrası prosesində inkişafa ehtiyac olan məsələlər, qarşıya çıxan problemlər və həll yolları barədə fikir mübadiləsi aparılıb və bu istiqamətdə onlara tövsiyələr verilib.
 
Qeyd edək ki, MİP-in hazırlanmasının və təşkil edilməsinin əsas məqsədi məktəbin inkişafı istiqamətində şagird nailiyyətinin yüksəldilməsi, müəllim heyətinin peşəkar inkişafıdır. Bütün bu proses ARTİ MDM-in məktəblərin idarəetmə və pedaqoji heyətinə metodiki dəstəyin göstərilməsi ilə həyata keçirilir.


24.09.2024 | 09:09