Xalq Təhsili Muzeyində praktik seminar keçirilib

Sentyabrın 20-də Xalq Təhsili Muzeyində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Tədris müəssisələrində ekoloji tərbiyənin təşkili yolları və ekomədəniyyətin formalaşdırılması” mövzusunda praktik seminar təşkil edilib.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri S.Məmmədova, Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunun Təbii dağıdıcı və səhralaşma proseslərinin monitorinqi şöbəsinin rəis müavini T.Hacıyev, Təbiət Tarixi Muzeyinin baş direktoru b.ü.f.d. T.Eybətov, Sabunçu rayon 72 nömrəli məktəb-liseyin direktoru F.Abbasova, məktəbin təşkilatçısı G.Bayramova və şagirdləri, 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin “Təbiətsevərlər dərnəyi”nin rəhbəri S.Həşimli, Kimya-Biologiya təmayüllü Respublika liseyinin həkimi H.Əliəfsərova, 291 nömrəli Ekologiya liseyinin biologiya müəllimi İ.Zöhrabova, Nərimanov rayon 202 nömrəli tam orta məktəbin biologiya müəllimi Y.Mirzəyeva, Nizami rayon 214 nömrəli tam orta məktəbin biologiya müəllimi R.Əsgərli iştirak ediblər.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Giriş sözü ilə çıxış edən muzeyin direktor vəzifəsini icra edən Z.Şiriyeva Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmizin iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyinə bariz nümunə olduğunu vurğulayıb, COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi qərarının verilməsini təqdirəlayiq hesab edib. Daha sonra mövzu ətrafında tədbir iştirakçılarının məruzələri dinlənilib, tədris müəssisələrində ekoloji tərbiyənin səmərəli yolları və ekomədəniyətin formalaşdırılması məqsədilə görülən işlərdən bəhs edilmişdir. Tədbirin sonunda  72 nömrəlii məktəb-liseyin şagirdi R.Tağıyevin hazırladığı “Aquaguard” startup layihəsi və şagirdlərin ifasında bədii kompozisiya təqdim edilib.

 

Tədbir iştirakçıları həmçinin Xalq Təhsili Muzeyinin ekspozisiyası ilə tanış olublar.



23.09.2024 | 16:24