Azərbaycanlı gənclər MDB dövlətlərinin yaradıcı və elmi ziyalılarının forumunda iştirak ediblər | |
17-19 sentyabr 2024-cü il tarixlərində Rusiya Federasiyasının Ufa şəhərində “MDB dövlətlərinin yaradıcı və elmi ziyalılarının XVII Forumu” keçirilib. Forumda Azərbaycan Respublikasının nümayəndə heyəti geniş tərkibdə iştirak edərək, ölkəmizin elmi potensialını və innovativ təşəbbüslərini yüksək səviyyədə təmsil edib. Forumun əsas mövzuları arasında elmi yeniliklər, yaradıcı ideyalar, innovasiyaların tətbiqi və gənc alimlərin rolu diqqət mərkəzində olub.
AMEA-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva forumda “Azərbaycan incəsənətində və ənənəvi mədəniyyətində yeniliklər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Ş.Əliyeva Azərbaycan incəsənətində və mədəni irsində baş verən innovativ dəyişikliklərdən bəhs edərək, milli dəyərlərin müasir kontekstdə necə inkişaf etdiyini ətraflı şəkildə izah edib. Onun çıxışı forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub. Ş.Əliyeva çıxışından sonra tədbir iştirakçılarının suallarını cavablandıraraq, Azərbaycan mədəniyyətinin qorunması və yeniliklərin tətbiqi məsələlərindəki təcrübələrini paylaşıb.
AR ETN Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri biologiya üzrə fəlsəfə doktoru Aydan Hüsüyevanın təqdimatı “Gənc alimlərə göstərilən dövlət dəstəyi” mövzusuna həsr olunub. A.Hüsüyeva çıxışında Azərbaycanda gənc alimlərin inkişafı üçün həyata keçirilən dövlət proqramlarından, o cümlədən xüsusi təqaüdlər, mükafatlar və gənc tədqiqatçıların dəstəklənməsi istiqamətindəki təşəbbüslərdən bəhs edib. O, həmçinin Azərbaycan alimlərinin MDB ölkələri alimləri ilə birgə həyata keçirdikləri qlobal elmi layihələr haqqında da məlumat verib. Aydan Hüsüyeva gənc alimlərin beynəlxalq arenada müvəffəqiyyətlə iştirak etdiyini və bu istiqamətdə əməkdaşlığın genişlənməsi üçün göstərilən dövlət dəstəyinin əhəmiyyətini vurğulayıb. Çıxışında o, Azərbaycanın elmi ictimaiyyətində prioritet sayılan sahələrdə gənc alimlər tərəfindən aparılan tədqiqatlar və əldə olunan nəticələr barədə ətraflı danışıb. Onun məruzəsi gənc alimlərə olan dəstəyin elmin davamlı inkişafında əsas amil olduğunu bir daha nümayiş etdirib.
AR ETN Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının katibi Emin Hüsüyev də forumda fəal iştirak edib. O, forumun müxtəlif müzakirələrində Azərbaycan elmi ictimaiyyətinin nailiyyətlərini təqdim edərək, gələcək əməkdaşlıq perspektivləri haqqında geniş söhbətlər aparıb.
Forumda Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Neft-Kimya Prosesləri İnstitutunun elmi işçisi Əminə Alimova isə elm və təhsildə rəqəmsal transformasiyanın əhəmiyyəti haqqında çıxış edib. Ə.Alimova rəqəmsal texnologiyaların elmi tədqiqatlarda inqilabi dəyişikliklərə səbəb olduğunu və elmdə yeni imkanlar açdığını vurğulayıb. O qeyd edib ki, rəqəmsal texnologiyalar təkcə tədqiqatların sürətləndirilməsinə deyil, həm də qlobal miqyasda əməkdaşlığın genişləndirilməsinə və elmi kəşflərin səmərəliliyinin artırılmasına şərait yaradır. Onun çıxışı elm dünyasının gələcəkdə necə inkişaf edəcəyinə dair yeni perspektivlər yaradıb. Rəqəmsal texnologiyaların elmdə yeni materialların və dərman vasitələrinin yaradılmasına necə təkan verdiyini izah edərək, bu sahədə gənc alimlərin fəal iştirakının əhəmiyyətini vurğulayıb.
Azərbaycan nümayəndə heyəti forumun bütün panellərində fəal iştirak edərək, ölkənin elmi nailiyyətlərini və gənc alimlərin innovativ təşəbbüslərini beynəlxalq aləmə tanıtmağa çalışıb.
Bu forum Azərbaycan elmi ictimaiyyəti üçün beynəlxalq əməkdaşlıq və innovasiya sahəsində yeni imkanlar açıb, eləcə də gənc alimlərin fəaliyyətinin daha geniş miqyasda tanıdılmasına şərait yaradıb.
|
|
23.09.2024 | 11:21 | |
|
|
|