Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.
 
Dövlət İmtahan Mərkəzindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, abituriyentlər qeyd olunan vaxtadək qəbul olmaq istədikləri ixtisasları seçib on­ların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
 
İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kod­larının ardıcıllığını abituriyent özü müəy­yənləşdirir.
 
Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub. Jurnalın elektron versiyasını (pdf formatında DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə mümkündür (Xidmətə keçid: https://eservices.dim.gov.az/ejurnal/).
 
Müsabiqəyə yalnız 2024-cü il sentyabrın 20-dən 23-dək elektron ixtisas seçimi ərizələrini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.


23.09.2024 | 10:24