Pedaqoji Universitetdə “Huma Quşu” Fondunun təqdimatı keçirilib | |
Sentyabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimat mərasimi keçirilib.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, tədbirdə Pedaqoji Universitetin və Fondun rəhbərliyi, eləcə də Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADPU-un rektoru professor Cəfər Cəfərov Fondun təhsil və mədəniyyət sahəsinə göstərdiyi dəstəkdən söz açıb, təsisçilərə bu əhəmiyyətli təşəbbüs üçün təşəkkürünü bildirib. Prof. C.Cəfərov qeyd edib ki, Fond Humay Quliyevanın xatirəsini yaşatmaq və Humay üçün vacib olan xeyriyyəçilik, insansevərlik, vətənpərvərlik, cəsarət və başqa dəyərləri yaşatmaq məqsədi ilə yaradılıb. Təhsil sahəsində fond və universitetin vahid hədəflərinə diqqət çəkən rektor gəncləri onlar üçün yaradılan bu və digər fürsətlərdən faydalanaraq peşəkar, hərtərəfli, müasir dövrün tələblərinə uyğun kadr kimi formalaşdırmağa çağırıb.
Daha sonra Humayın dostları tərəfindən hazırlanmış “Yerin hər zaman görünəcək, Humay” filmi nümayiş etdirilib.
Çıxış edən “Huma Quşu” Təhsilə Yardım Fondunun sədri Şəhla Vəzirova fondun iki illik fəaliyyət dövrü ərzində 6 proqram çərçivəsində 30-a yaxın qazi və tələbənin təhsilinə dəstək verildiyini bildirib. Ş.Vəzirova fond tərfindən aztəminatlı ailələrdən olan gənclərin təhsil imkanlarının artırılması məqsədilə “ADA Universitetinin Təqaüd proqramı” (3 qrant) və 2024-cü ilin Payız çağırışı formatında “Kiçik qrantlar” proqramında (3 qrant) iştirak qaydaları barədə təqdimat edib.
Təəssüratlarını bölüşən “Kiçik qrantlar” müsabiqəsinin qalibi Çinarə Rəcəbova “Huma Quşu” Fondunun onun həyatına və təhsilinə etdiyi dəyişikliklərdən danışıb.
Sonda fond nümayəndələri tərəfindən qrant və təqaüd proqramları barədə tələbələrə maraqlı olan suallar cavablandırılıb.
|
|
20.09.2024 | 18:00 | |
|
|
|