LDU - Avropa Komissiyası əməkdaşlığı | |
“Avropa Komissiyasının “Azərbaycanın ali təhsil sistemində tədqiqat,ixtira və innovasiyanın gücləndirilməsi üçün Texniki Yardım Dəstəyi” layihəsinin rəhbəri Gulda Krzysztof və ekspert Jacek Gajevski bu gün Lənkəran Dövlət Universitetində (LDU) olublar.
Bu barədə universitetin mətbuat xidmətindən “Azərbaycan müəllimi” qəzetinə məlumat verilib.
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qonaqlara universitet haqqında ətraflı məlumat verərək bildirib ki, müasir maddi-texniki bazaya və kadr potensialına malik olan universitet bir çox beynəlxalq layihələrdə iştirak edir.Professor son illərdə LDU-nun Avropa universitetləri ilə əməkdaşlıq etdiyini qeyd edib. Bu əməkdaşlığın əsas hədəfləri yeni elmi uğurların əldə olunması,aparılan elmi tədqiqatların səmərəliliyinin artırılmasıdır.
Tədbirdə iştirak edən LDU-nun prorektorları, kafedra müdirləri, ixtisaslı müəllimlər, gənc tədqiqatçılar avropalı ekspertləri universitetdə aparılan elmi tədqiqatlar , ixtira və innovasiyalar, əldə olunan nəticələr barədə məlumatlandırıblar.Görüşdə həmçinin son illərdə yenilənən elmi-təcrübi bazanın , modern laboratoriyaların bu işə müsbət təsiri xüsusi vurğulanıb.
Layihə rəhbəri Gulda Krzysztof qeyd edib ki, əsas məqsədləri ali təhsil sistemində tədqiqatların inkişafı və innovasiya siyasətinin gücləndirilməsinə dəstək göstərmək və yardımçı olmaqdır.
Təhsil və Layihələrin İdarə edilməsi üzrə ekspert, doktor Jacek Gayevski dünya və Avropa təhsilində elmi tədqiqatlarlara marağın artdığını, təmsil etdiyi qurumun Azərbaycanda bu sahəyə diqqət yetirildiyini, LDU ilə əməkdaşlığa maraqlı olduqlarını bildirib. O, həmçinin perspektivli elmi layihələrin qurum tərəfindən dəstəklənəcəyini qeyd edib.
Diskussiya şəraitində keçən görüşdə müvafiq layihə çərçivəsində birgə əməkdaşlıq istiqamətləri geniş müzakirə edilib, təklif və rəylər dinlənilib.
Qeyd edək ki, sözügedən layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir, Azərbaycan Respublikası Təhsil İnstitutu və ölkəmizin ali məktəbləri tərəfindən dəstəklənir.
Nəzrin XƏLİLOVA |
|
23.11.2018 | 16:48 | |
|
|
|