Qarabağ Universitetinin ilk tələbələrindən ilk təəssüratlar | |
2024-2025-ci təqvim ili Qarabağ Universiteti, eləcə də, burada təhsil alacaq tələbələr üçün ilk tədris ilidir.
Universitetin bir neçə tələbəsi universitet, eləcə də, Xankəndi şəhəri ilə bağlı fikirlərini "Azərbaycan müəllimi" ilə bölüşüb. Onların səmimi, bir o qədər də qürurlu fikirlərini sizə təqdim edirik:
İlk həmsöhbətimiz Ləmandır. Ləman Məhərrəmova Qubadlı rayonu Qaralar kənd tam orta məktəbin məzunudur. O, 612.75 balla Qarabağ Universitetinin Maliyyə ixtisasına qəbul olub.
"Qarabağ universitetinin ilk tələbələrindən olmaq həm sevindirici, həm də çox qürurvericidir. Bir gənc olaraq Qarabağa qayıdışda iştirak etmək mənim üçün çox böyük fəxrdir. 30 il həsrətini çəkdiyimiz torpaqlarda mən artıq azad ölkənin azad vətəndaşı olaraq təhsil alıb, savadlı mütəxəssis və vətənimə, millətimə layiqli vətəndaş olacam. Təhsilimi başa çatdırdıqdan sonra düşünürəm ki, Qarabağda qalıb fəaliyətimi burda davam etdirim. Burada vətəndaşlarımıza xidmət göstərməyi təbii ki, istəyərəm", - deyir həmsöhbətimiz.
Ləmanla söhbəti yekunlaşdırıb, Füzulidən olan tələbəyə yaxınlaşıram. Fidan İbişova Füzuli rayonu Qayıdış qəsəbə 7 saylı tam orta məktəbi bitirib. 657.1 balla Qarabağ Universitetinə qəbul olub. Fidan burda olduğu üçün özümü şanslı hiss etdiyini deyir: "Ən doğru seçimi etdiyimi düşünürəm. Qarabağ Universitetinin ilk tələbəsi olmaqdan məmnunam".
Gənclərimizin doğma torpaqlarımıza bağlılığı bizi də qürurlandırır və növbəti tələbimizin ürək sözlərini dinləyirik. Sevinc Həsənova Ağcabədidəki M.Əsədov adına 5 saylı tam orta məktəbdə tam orta təhsil alıb. 627.8 balla Qarabağ Universitetinin Riyaziyyat müəllimliyi fakültəsinə qəbul olub: "Xankəndi şəhəri barədə deyə bilərəm ki, buranın təbiəti, havası çox gözəldir. Qarabağ Universitetinin ilk tələbəsi adını qazanmaq isə həqiqətən qürurverici bir hisdir, burada yaşamağın özü belə fəxrdir. Mən universitet heyətinin tələbələrlə səmimi, mehriban, dostcasına rəftarını gördüm .İstərdim ki, gələcəkdə bu heyətin bir üzvü olum və qürur duyduğumuz universitetin daha da savadlı vətəndaş yetirməsində rolum olsun".
Leyla da tələbəlik həyatının sevincini Xankəndidə yaşayan gənclərimizdəndir. Tərtər rayon Əli Kərimov adına tam orta məktəbdən məzun olan Leyla Məmmədova qəbul imtahanında 620 bal toplayıb.
"Qarabağ Universitetini seçməkdə məqsədim və istəyim bu tarixi torpaqların yenidən qurulmasında yaxından iştirak etməkdir. Universitet barədə təəsüratlarım çox gözəldir. Buranın çox gözəl və bacarıqlı müəllim heyəti var və tələbələrlə yaxından maraqlanırlar", - deyən Leyla, burda qalıb çalışmaq şansı olsa, bu şansı qaçırmayacağını bildirir.
Ağdamdan olan Səma üçün də Qarabağ Universiteti doğma və əzizdir. 30 ilə yaxın işğal altında qalan və dağıdılmış şəhər və kəndlərimizin bərpa edildiyini gördükcə, duyğulandığını deyən Səma, Ziyəddin İsgəndərov adına Çəmənli kənd tam orta məktəbini bitirib. O da Fidan kimi "Riyaziyyat müəllimliyi" ixtisasına yiyələnəcək.
Gənc tələbələrimizə uğurlar arzulayır, gələcəkdə Qarabağın, Şərqi Zəngəzurun yenidən qurulmasında onların da rolu olacağına inanırıq.
Rəmziyyə HƏSƏNOVA
Qarabağ və Şərqi Zəngəzur üzrə regional təmsilçi
|
|
19.09.2024 | 11:37 | |
|
|
|