Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib | |
Sentyabrın 18-də Bakının Nərimanov rayonunda yeni inşa edilən “Kəpənək” uşaq bağçasının açılışı olub. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, "Kəpənək" məktəbəqədər təhsil müəssisəsinin direktoru Yuliya Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya bağça barədə məlumat verib.Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsinin əsas missiyası uşaqların həm akademik, həm də sosial-emosional inkişafı üçün geniş imkanlar yaratmaq və uşaqların məktəb mühitinə rahat inteqrasiyasına dəstək göstərməkdir.
“Kəpənək” uşaq bağçasında 3-6 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil və qayğı xidməti olacaq. Burada 3-4, 4-5 və 5-6 yaş arasında qruplar fəaliyyət göstərəcək. Məktəbəqədər təhsil müəssisəsi ilə tanışlıq zamanı bildirilib ki, yüksəkkeyfiyyətli təhsillə yanaşı, uşaqların hərtərəfli inkişafı və sosial tədbirlərdə fəal iştirakı da diqqət mərkəzində olacaq. “Kəpənək” bağçası uşaqlar üçün təhlükəsiz mühit olmaqla yanaşı, onların qayğı və sevgi ilə əhatə olunmasını hədəf götürüb. Həmçinin uşaqların həm əqli, həm də kreativ inkişafı üçün dərsdənkənar fəaliyyət nəzərdə tutulub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iki mərtəbədən ibarət bağçanın müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş otaqları ilə tanış olub, tədris barədə vacib tövsiyələr verib.
Qeyd olunub ki, burada uşaqların təlim-tərbiyəsinə cəlb olunan heyətin davamlı peşəkar inkişafına, müxtəlif təlimlərdə iştirakına xüsusi önəm veriləcək. Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsi təhsildəki yeniliklər və yeni trendləri izləməyi, o cümlədən Kembric proqramını keyfiyyətli tədris etmək üçün onlayn təlimlərə qoşulmağı da planlaşdırır.
|
|
18.09.2024 | 15:42 | |
|
|
|