Nazim Kazımov: Azərbaycan xalqı musiqisi ilə dünyanı fəth etməyə qadirdir – MÜSAHİBƏ | |
Musiqi aləmi sanki ucsuz-bucaqsız bir dəryadır. Həyatımızın müxtəlif məqamlarında biz musiqinin müxtəlif növləri ilə rastlaşırıq. Musiqidən hətta təbabətdə də istifadə edilir. Hesab olunur ki, musiqi insan orqaniziminə, xüsusilə də əsəb sisteminə olduqca müsbət təsir göstərir. Ona görə də bəzi xəstəliklərin müalicəsi zamanı dərmanlarla yanaşı, musiqi terapiyasından da istifadə olunur.
Ona görə də musiqi qədər musiqinin yaradıcıları da əzizdir, doğmadır. Təsadüfi deyil ki, Azərbaycan musiqisinin əsaslarının yaradıcısı olan dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilir.
Milli Musiqi Günündə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru Əməkdar insəsənət xadimi, professor Nazim Kazımovla həmsöhbət olduq...
- Nazim müəllim, Milli Musiqi Günü münasibətilə sizi təbrik edir və bu gün barədə fikirlərinizi almaq istərdik...
- Bu gün musiqi bayramıdır. Bütün musiqiçiləri və xalqımızı təbrik edirəm. Heydər Əliyev vaxtilə belə bir sərəncam vermişdi ki, 18 sentyabr - Üzeyir Hacıbəylinin doğum günü Milli Musiqi Günü kimi qeyd edilsin. İllərdir Azərbaycan bu günü bayrama çevirib. Biz hər il ənənəvi olaraq Üzeyir bəyin məzarını ziyarət edir, sonra onun adını daşıyan Milli Musiqi Akademiyasının qarşısında toplaşırıq və dahi bəstəkarın heykəlinin önündə musiqi bayramının açılışını edirik. Həm bizim kollecdə, həm akademiyada, həm də konservatoriyada həmin gün bayram əhvali-ruhiyyəsi olur, konsertlər verilir. Üzeyir Hacıbəylinin ev muzeyində müxtəlif konfranslar keçirilir.
Onu da qeyd edim ki, bu kollecin musiqi məktəbindən o vaxtkı dövrdə texnikuma keçirilməyi məhz Üzeyir bəyin sayəsində olub. O, fasilələrlə iki dəfə bu kollecdə direktor olub. Bu təhsil ocağı nəinki Azərbaycanda, Yaxın Şərqdə ilk musiqi təhsili məktəbi alıb. Bizim kolleci ən görkəmli musiqişünaslar, tanınmış musiqiçilər bitirib. Mən özüm də bu kollecin məzunuyam. Bu gün səhnədə gördüyümüz istedadlı musiqiçilərin əksəriyyəti də bizim məzunlarımızdır. Bu gün də kollecimizdə istedadlar yetişir. Üzeyir Hacıbəyli deyirdi ki, istedadlıları qoruyun, istedadsızlar onsuz da özlərinə yer tapacaq. Biz də çalışırıq ki, bu ənənələri davam etdirək və istedadları qoruyaq. Onun bir rəsmi daim mənim otağımdadır, gördüyünüz həmin rəsmi görkəmli rəssam Nəcəfqulu İsmayılov 1984-cü ildə çəkib. Portretin arxasında isə onun yetirmələri olan Asəf Zeynallının büstü və Süleyman Ələsgərovun fotosu var. Üzeyir bəy Asəf Zeynallı haqqında deyirdi ki, o yaşasaydı, böyük sənətkar olardı. Bizim bugünkü vəzifəmiz bu dəyərləri qoruyub, gələcək nəsillərə çatdırmaqdan ibarətdir.
- Dördüncü ildir ki, işğaldan azad olunan Qarabağda Milli Musiqi Günü qeyd olunur. Bu barədə təəssüratlarınız nədən ibarətdir?
- Bizim tələbələrimiz incəsənətə, musiqiyə bağlı olduqları qədər Vətənə də böyük məhəbbət bəsləyirlər. 44 günlük müharibədə 20 tələbəmiz təhsilini yarımçıq qoyub könüllü şəkildə müharibəyə getdi. Onlardan dördü şəhid oldu, 16-sı qayıdıb təhsilini başa vurdu. Biri Əzizbəy Şuşaya qalxıb orada ilk dəfə Qarabağ şikəstəsini qarmonda ifa etmişdi. Təhsilini bitirəndən sonra çevik polis alayında çalışmağa başladı. 1 günlük antiterror tədbirləri zamanı minaya düşərək vəfat etdi. Biz onların hesabına bu gün bütün xarici ölkələrə gedəndə qürurla azərbaycanlıyıq deyirik. Şuşada, Qarabağda uzun illər sonra musiqi festivalı keçiririk. Allah onların hər birinə rəhmət eləsin.
- Musiqinin bugünkü vəziyyəti bir peşəkar kimi sizi nə dərəcədə qane edir?
- Azərbaycan musiqisi dünya miqyasında bəyənilir. İstər muğamlarımız, istər klassik musiqimiz bizim üçün bir xəzinədir. Musiqiçilərimiz dünya səhnələrində, beynəlxalq müsabiqələrdə iştirak edirlər və dünyanın bir çox ölkələrində uğur qazanırlar. Bizim musiqini eşidənlər ondan doya bilmirlər. Mən bir faktı söyləmək istərdim. Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” deyilən bir əsəri var. Amerikalı bir dirijor yazır: “Maestro, mən sizin kapriççionu konsertin ortasında ifa edəndə həmin mahnıdan sonra zal boşalır. Tamaşaçılar deyir ki, biz başqa musiqi eşitmək istəmirik. Bizə icazə verin, sizin kapriççionu konsertin axırında çalaq ki, camaat getməsin və xahiş edirik, siz hansı musiqi alətində çalmısınızsa, onu gətirin Amerikada görüşək”. Fikrət Əmirov tarını götürüb gedir.
Xalq artisti Alim Qasımov da bizim həm müəllimimizdir, həm də məzunumuzdur. Dünyanın bütün qitələrində onun konserti olub. Bu o deməkdir ki, musiqi təhsilimiz də inkişafdadır. Ümumiyyətlə, xalqımız çox istedadlıdır. Bu gün elə uşaqlarımız var ki, tarı dünya miqyasında ifa edirlər.
- Bəstəkarlıq da musiqimizlə eyni dərəcədə inkişaf edir?
- Gənc bəstəkarlarımız var, ancaq qəbul edirik ki, musiqilər o dövrdəki kimi deyil. Buna müəyyən zaman lazımdır. O musiqiçilər intibah dövründə yetişdi. Bu bütün dünyada belədir, indi Almaniyada da Bethovenlər yetişmir. Sanki Üzeyir bəy, Qara Qarayev yazılması lazım olan hər şeyi yazıb gediblər. Bu gün də gənc bəstəkarlar yazır, yaradır. Mən əminəm ki, bizim musiqimiz inkişaf edəcək. Çünki görürəm ki, bu gün də istedadlı gənclər var, onlar beynəlxalq arenalarda ölkəmizi təmsil edirlər. Azərbaycan xalqı öz musiqisi ilə bütün dünyanı fəth etməyə qadirdir.
- Yeni bəstəkarların, bəstələrin tanınması yolunda televiziyaların rolunu necə qiymətləndirirsiniz?
- Əvvəllər Azərbaycan televiziyasında bir mahnı səslənən kimi hamımız ona qulaq asırdıq, əzbərləyirdik. İndi efirlərdə daha çox bayağı mahnılara üstünlük verilir. Klassik musiqi tamam başqa şeydir. Tarın öz tembiri var, tarı tar kimi çalmaq lazımdır. Bəziləri onu estradaya çevirir. Televiziyalar ən böyük təbliğat vasitəsidir, gərək orada danışılanlar, səslənənlər bizim gənclərimizin, fidan balalarımızın xeyrinə olsun. Çünki uşaqlar balaca vaxtı nəyi görürlərsə, onu götürürlər.
- Sizcə, bir də Üzeyir bəylər yetişəcək?
- Üzeyir bəy dahi idi. Üzeyir bəy bizim xalq musiqisinin əsaslarını yaratdı. İlk operamızı yazdı, musiqinin bütün yükünü təkbaşına çiyində daşıdı. Azərbaycan musiqisini, muğamını elmi əsaslarla sübut etdi. Onun kimi ikinci dahi bu dünyaya bir də çətin gələr.
- Bu gün kollecdə tələbələrin daha yaxşı bir mütəxəssis kimi yetişməsi üçün hansı şəraitlər yaradılıb, onlara tədris hansı formada keçirilir?
- Son 20 ildə kollecimizin maddi texniki bazası yaxşılaşdırılıb. Əvvəl Mirzə İbrahimov küçəsində qəzalı bir binada idik, 2002-ci ildə bizi bu binaya köçürdülər. Bizim orada 80 nəfərlik zalımız vardısa, burada 200 nəfərlik zalımız var.
- Bina qədim olduğu üçün sanki təmirə ehtiyacı var…
- Bəli, bura 1900-cü ilin binasıdır. 2000-ci illərdə zəlzələ vaxtı da bir balaca zərər görüb. Ən son əsaslı təmir 2008-ci ildə olub. Biz təmiri öz gücümüzə etməyi nəzərdə tuturuq.
- Tədris planında həm milli, həm də klassik musiqinin öyrədilməsi necə tənzimlənib?
- Bizim tədris planlarında bütün ixtisaslar var. Yəni biz həm Milli Konservatoriya, həm Musiqi Akademiyası üçün kadrlar, həm də uşaq musiqi məktəbi üçün müəllim hazırlayırıq. Burada bütün ixtisaslar var. Amma gənclərin tar və kamana həvəsi daha böyükdür. Tədris planında həm Azərbaycan, həm də xarici bəstəkarların əsərləri yer alır. Cavanlarda milli musiqiyə də həvəs böyükdür. Mən hesab edirəm, bunda muğam müsabiqəsinin rolu var. Birinci muğam müsabiqəsində 20 nəfərin 16-sı bizim kollecin tələbələri, məzunları idi. Bizim məzunlar muğamda tez tanınırlar.
- Orta məktəblərdəki müəllim hazırlığı, tədris prosesi nə dərəcədə qaneedicidir?
- Ümumtəhsil məktəblərində muğamların tədrisi məsələləri ilə bağlı dissertasiya müdafiə etmişəm. Həmişə ümumtəhsil məktəblərində eksperiment aparmışıq. Oqtay Rəcəbovla ikimizin 1-ci sinifdən 9-cu sinfə qədər musiqi dərsliklərimiz var. Ümumtəhsil məktəblərində istedadlı uşaqlar var. Musiqi məktəbinə getməmiş onun istedadını birbaşa üzə çıxarmaq olar. Bunun üçün də ixtisaslaşmış kadrlar lazımdır. Yaxşı haldır ki, indi ali təhsil müəssisələri orta məktəblər üçün musiqi müəllimi hazırlayır. Bir çatışmayan məqam bu gün orta məktəblərdə orkestrlərin olmamasıdır.
- Musiqi məktəblərindən gələn uşaqlardan nə dərəcədə razısınız?
- Rayonlarımızda elə uşaqlar hazırlayırlar ki, Bakı Musiqi Məktəbi ilə eyni səviyyədə olur. Amma bəzi rayonlarımız var ki, orada kadrların zəifliyi istedadlı uşaqların nəticələrinə təsir edir. Bizdə sənətdə müəllim işi görsənir. Müəllim zəifdirsə, tələbənin imtahan nəticələrinə təsir edir. 20 illik rəhbərliyim dövründə hansı məktəblərin necə kadr yetişdirdiyini müşahidə etmişəm.
Bir məqamı da qeyd etmək istərdim. Bəzi hallarda istedadlı uşaqlar qabiliyyətdən yüksək nəticə əldə edir, ancaq dövlət imtahanından keçə bilmirlər. Bu hal da olduqca təəssüf doğuran məqamdır. Onlar bəzi hallarda 3-4 il imtahan verib kollecimizə qəbul olurlar, bəzən həvəsdən düşüb uzaqlaşırlar. O cür istedadları itirmək olmaz.
- Musiqi məktəbləri ilə maarifləndirici görüşlər keçirirsiniz?
- Nəinki Bakıda, digər bölgələrimizdə də görüşlər keçiririk. Azərbaycanın elə bir rayonu yoxdur ki, orada bizim kollecin məzunları işləməsin. Bakı mətkəbləri və Filarmoniya ilə əlaqələr qurur, konsertlərdə iştirak edirik. İstedadlar səhnədə yetişir, səhnə həm ruhlandırır, həm inkişaf etdirir, həm də tanıdır.
- Bu gün çox az sayda uşaq mahnıları yazılır. Bu janrda bəstələrin azalmasının səbəbi nədir?
- Bizim məşhur “Cücələrim” mahnısı vaxtilə dünya səviyyəsində tanınıb. Uşaq musiqisi inkişaf edib, bu istiqamətdə mahnılar yazılıb. Sayın azalması ilə əlaqədar biz müsabiqələr keçirdik, müəyyən bəstələr yazıldı, amma indi proses yenə dayanıb. O zaman uşaq mahnıları əksər hallarda sifariş əsasında yazılırdı, bəstəkarlar qonorar alırdılar. İndi həvəsləndirici məqamlar da azdır.
Ancaq mən inanıram ki, musiqimiz daim inkişaf edəcək. Çünki bizim musiqimiz gözəldir. Mən dünyanın neçə ölkəsində olmuşam, tarı harda çalmışamsa, insanlar başıma toplaşıb. Musiqimiz onlara çox xoş gəlir. Musiqinin dili yoxdur, sadəcə melodiya var. Elə musiqi var insanı ağladır, eləsi də var ki, güldürür. Bu mənada musiqi böyük təsirə malikdir, hətta bəzən insanı müalicə edir. Yaşasın musiqi!
Günel ABBAS
Foto: Kənan QAFAROV
|
|
18.09.2024 | 13:27 | |
|
|
|