Elmin kommersiyalaşdırılması və texnologiyaların transferi sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub | |
İnformasiya Texnologiyaları İnstitutunda AR Əqli Mülkiyyət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin rəhbərliyi ilə görüş keçirilib.
Bu barədə "Azərbaycan müəllimi"nə institutdan məlumat verilib.
Görüşün keçirilməsində əsas məqsəd elm və sənaye arasında dayanıqlı əlaqələrin təmin olunması və innovativ inkişafın dəstəklənməsi, eləcə də bu sahədə potensial əməkdaşlıq imkanlarına dair müzakirələrin aparılması idi.
Əvvəlcə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev institutun əsas fəaliyyət istiqamətləri, burada həyata keçirilən innovativ layihələr və elmi tədqiqatlar haqqında məlumat verib. Akademik R.Əliquliyev institutun İKT-nin müasir problemlərinə dair multidissiplinar elmi tədqiqatlar aparan bir qurum olduğunu, burada informasiya texnologiyaları və informasiya cəmiyyətinin aktual elmi-nəzəri problemlərinin araşdırıldığını bildirib.
İnstitutun baş direktoru müasir dövrdə qlobal çağırışlar, yaşıl və rəqəmsal transformasiyalar, eləcə də süni intellektin gətirdiyi reallıqlar kontekstində elmin qarşısına mühüm vəzifələrin qoyulduğunu söyləyib. Alim texnologiyaların kommersiyalaşdırılması və transferi məsələlərinin böyük aktuallıq kəsb etdiyini, elmi tədqiqat müəssisələrinin və bütövlükdə elmin maliyyələşdirilməsinin təkmilləşdirilməsi, alim və mütəxəssislərin əməyinin stimullaşdırılması ilə bağlı məsələnin diqqət mərkəzində saxlanıldığını, təkliflərin işlənildiyini qeyd edib.
Dünyanın qabaqcıl ölkələrində elmin maliyyələşdirilməsinin əsasən dövlət büdcəsi deyil, özəl şirkətlər və biznes hesabına həyata keçirildiyini qeyd edən akademik R.Əliquliyev elmi tutumlu layihələrin icrasında alimlərin iştirakı və rolunun artırılması nəticəsində həm dövlətin, həm də elmi qurumların daha səmərəli nəticələr əldə edəcəyinə əminliyini ifadə edib. Vuğuladı ki, alim və ziyalılar dövlət sektorundan olan nümayəndələrlə mütəmadi görüşlər keçirməli, maraqlı qurumların sifarişi əsasında öz fəaliyyətini genişləndirməli, müvafiq dövlət orqanlarına konkret təkliflər verməlidir. Akademikin fikrincə, məhz IV Sənaye İnqilabı və süni intellekt texnologiyalarının yaratdığı reallıqlar ölkəmizdə elmin kommersiyalaşdırılması ilə bağlı problemləri, vəzifələri dəyirmi stol ətrafında müzakirə etməyi, geniş fikir mübadiləsi aparmağı zəruri edir.
Sonra “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin direktoru İlahə Abbaszadə çıxış edərək bildirdi ki, bu qurumun təsis edilməsində əsas məqsəd elm və sənaye arasında səmərəli əlaqələri təmin etmək, qarşılıqlı sifariş və təklif münasibətlərini yaratmaq, texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirməkdir.
Ölkəmizdə innovativ inkişafın təmin edilməsinin əhəmiyyətindən bəhs edən İ. Abbaszadə ideyaların və elmi tədqiqat nəticələrinin kommersiyalaşdırılması istiqamətində birgə fəaliyyət göstərməyə, əməkdaşlıq etməyə və instituta lazımi dəstəyi göstərməyə hazır olduqlarını vurğulayıb.
|
|
18.09.2024 | 12:11 | |
|
|
|