“Qorxulu nağıllar”

XX əsr Azərbaycan mədəniyyəti və ictimai fikir tarixində özünəməxsus yeri olan nasir, dramaturq və maarifpərvər S.S.Axundovun yaradıcılığı XXI əsrdə də öz aktuallığını saxlayır.

 

Sənətkarın çoxcəhətli yaradıcılığı öz dövründə də, bu gün də gənc nəslin tərbiyəsində, dünyagörüşünün formalaşmasında, humanist keyfiyyətlər aşılanması baxımından əvəzsiz mənbələrdəndir. Belə ki, 1911-ci ildə “Məktəb” jurnalında çap olunan “Qorxulu nağıllar” silsiləsi də bu qəbildəndir. Beş hekayədən ibarət olan bu silsilədə qoyulan problemlər bu gün də hamının diqqətini çəkir. Bu hekayələrdə (“Əhməd və Məleykə, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız” və “Əşrəf”) XX əsrin əvvəllərindəki azərbaycanlı ailələrinin yoxsul güzəranı, uşaqların faciəli həyatı, ictimai fəlakəti doğuran səbəblər qələmə alınmışdır. Axundov şahidi olduğu hadisələri realistcəsinə, bədii tərzdə oxucusuna çatdırmışdır, amma hekayələrdə verilən fikirlər oxucunu hər an düşündürəndir.

 

“Abbas və Zeynəb” hekayəsində atadan yetim qalmış uşaqlar quldur Səfərin gülləsinə tuş gəlirlər, onların açılmamış arzularına son verilir. Bu hekayə ilə tanış olan şagirdin gözünün qarşısına Qarabağ və onun ətrafında illərdir ki, baş verən hadisələrdə öz uşaqlığını, qayğısız günlərini yaşaya bilməyən, mənfur erməni quldurunun gülləsinə qurban gedən bugünkü Zəhralar canlanır. Quldur Səfər onları XX əsrin əvvəlində bahar çağı təbiət qoynunda öz şəxsi ədavətinə qurban edirsə, balaca Zəhra öz həyətlərində qayğısız günlərini yaşayıb oyuncaqları ilə oynarkən erməni cinayətinin qurbanı olur. Bu hadisələri əlaqələndirən şagirdlər çirkin adətlərə, ədavətlərə, haqsızlığa  nifrət edirlər.

 

Müəllif həmin dövrdəki nəslin faciələrindən, ayrı-ayrı uşaqların başlarına gələn qorxunc, dəhşətli hadisələrdən söz açsa da, həmişə eyni nəticəyə gəlməmişdir. “Əhməd və  Məleykə”, “Nurəddin” hekayələrində balacaların ağır həyatını qələmə alsa da, onlarda inamsızlıq yaratmır, əksinə, nikbin olmağı təbliğ edir.

 

Hər şeydən əvvəl ümidini üzən Xədicə ana çıxış yolunu uşaqlarını şirin nağıllarla ovundurmaqda tapır. Xoş təsadüf - səyyah Cəmaləddinin atdığı xeyirxah addım ailəni aclıq fəlakətindən xilas edir. Bu, uşaqların qəlbində sabaha ümid və inam aşılayır. Müəllif ustalıqla atanın dilindən əhvalatı söyləməklə ailələrdə bu cür tərbiyə üsulunun əhəmiyyətini göstərir. Bu əsərlə tanışlıq şagirdlərdə xoş günə inam oyatmaqla yanaşı, onları “ətrafa qarşı nə qədər diqqətliyəm, “yardımsevərəmmi”, “mərhəmətliyəmmi”, “təmənnasız yaxşılıq etməyi bacarırammı” sualları ətrafında düşünməyə də sövq edir.

 

“Nurəddin” hekayəsinin süjeti daha fərqlidir, baş verən hadisələrin əhatəsi isə genişdir. Bəxtiyar ailədə doğulan Nurəddini iztirablı həyat  imtahanına çəkir. O, ağır vəziyyətdən sayıqlığı ilə çıxsa da, ona əsasən xeyirxah insanlar kömək olurlar. Nurəddin ağır vəziyyətə düşsə də, uşaq təbiətinə xas olan təmiz hisslərini itirmir, insanlara, insanlığa inanır. Bu, əsərin sonunda ev sahibinin - Rəhimin söylədiklərində təsdiqini tapır. “Mən səni oğulluğa götürməklə böyük hünər etmədim, mən yaxşılığa yaxşılıq etdim. Bu, hər kişinin işidir, amma sən yamanlığa yaxşılıq etdin. Bu isə ancaq sənin kimi ər kişinin işidir”. Bu hekayədə yaxşılıqla  pislik qarşı-qarşıya dayanır, mübarizə bu qüvvələr arasında gedir. Gülpərini nəcib əməllər qarşısında diz çökdürməklə Nurəddini oxucunun gözündə ucaldan yazıçı humanist baxışlarını ifadə edib ən vacib və ülvi duyğuları aşılamışdır.

 

“Qaraca qız” hekayəsində də hadisələrin gedişi onun taleyini insanlara bağlayır. Müəllif Qaraca qızı da bədxah və xeyirxah insanlarla qarşılaşdırır, təhqirə də məruz qoyur, nəvazişlə də əhatə edir. Təbii fəlakət nəticəsində valideynlərini  itirən Tutu gah kobud Yusiflə bərabər, xoşniyyət Yasəmənlə bir mühitdə, gah da təsadüfən düşdüyü yoxsul və zənginlər mühitində olur, faciələr yaşayır, amma səmimi insanları görəndə hər şeyi unudur, özünü xoşbəxt hesab edir.

 

S.S.Axundov bu hekayədə bir çox məsələləri qabartmışdır ki, onlar haqqında bu gün də düşünülməsi vacib olan məsələlərdəndir. Məsələn, müxtəlif mühitlərdə böyüyən uşaqlara münasibət - zəngin ailənin tərbiyə üsulu ilə Piri babanın kasıb daxmasında verilən tərbiyəni qarşılaşdırır. Hər şeylə təmin olunan zəngin ailənin qızı Ağca uşaqlığı, sərbəst inkişafı əlindən alınan, özünü xoşbəxt hiss etməyən biridirsə, kasıb Tutu nəcib insanların əhatəsində sağlam, cəsarətli böyüyən biridir. Müəllif çatdırır ki, uşaq böyüklərin istəyindən daha çox uşaqlıqlarından məhrum olmadan tərbiyə olunmalıdır. Tutu ilə Ağca arasındaki dostluq münasibətlərinin ülviliyi ilə tanış olan uşaq başa düşür ki, dostlarla ünsiyyət imkanları güclü, özlərinə inamlı, psixi cəhətdən sabit edir.

 

Yazıçı “Əşrəf” hekayəsində də tam reallığa uyğun acı tale  yaşayan Əşrəfin obrazını yaratmışdır. Əşrəfin faciəsinə səbəb isə vaxtilə var-dövlət sahibi olmuş, sonra tələyə düşmüş atasıdır. Ata-anası sağ olduğu halda onların varlığından xəbərsiz olan Əşrəf dəfələrlə himayəyə götürülsə də həyat onun üzünə gülmür.

 

Ümumiyyətlə, yazıçı uşaqların həyatını böyük sənətkarlıqla təsvir etməklə  əsl müəllimin necə olmasını da gələcək müəllimlərə ötürmüşdür. O sübut etmişdir ki, şagird xarakterinin tərbiyə edilməsi üçün yaxşı vərdişlər vacibdir. Çünki onlar formalaşaraq vərdişə çevrilirlər. Bunları isə müşahidə, mütaliə ilə qazanmaq olar.

 

Hekayə qəhrəmanları ilə tanış olan hər kəs anlayır ki, hər uşağın öz dünyası, açılmamış sirli-sehirli aləmi var. Onlara həssas münasibət olmalıdır, gözəl vərdişlər aşılanmalıdır, çünki uşaqlara qayğı cəmiyyətin gələcəyinə qayğıdır.

 

Cəmalə SADIQOVA,

Bakı şəhəri, 240 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, Əməkdar müəllim



23.11.2018 | 18:03