AzMİU və "QS Quacquarelli Symonds" arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Sentyabrın 17-də Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və "QS Quacquarelli Symonds" beynəlxalq reytinq agentliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib. Bildirilib ki, imzalanma mərasimində AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova bildirib ki, bu müqavilə AzMİU-nun beynəlxalq rəqabətliliyinin artırılmasına dəstək olacaq. Rektor qeyd edib ki, AzMİU-nun əsas hədəfi elmin qabaqcıl nailiyyətlərinə, innovativ təhsil texnologiyalarına əsaslanaraq yeni nəsil rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasını təmin etməkdir. Professor Gülçöhrə Məmmədova vurğulayıb ki, “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlıq dövlətin ali təhsil sistemi ilə bağlı siyasəti ilə də uzlaşır və bu istiqamətdə əhəmiyyətli addımdır. 
 
“QS Quacquarelli Symonds” agentliyinin Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Sergey Xristolubov AzMİU-da qlobal rəqabətədavamlılığın artırılması, universitetin beynəlxalq reytinq sistemlərində irəliləməsi məsələlərinə xüsusi diqqət yetirildiyini vurğulayıb.
 
Qeyd edək ki, müqavilə əsasında AzMİU-nun qlobal rəqabətədavamlılığını artırmaq, universitetin beynəlxalq sahədə tanınmasını gücləndirmək və nüfuzunun artırılması məsələləri haqqında razılığa gəlinib.
 
Sənədə uyğun olaraq, AzMİU akademik nüfuz, işəgötürənlər arasında reputasiya, nəşr fəallığı, beynəlmiləlləşdirilmə və onlayn mühitdə iştirak strategiyasının formalaşdırılması imkanını verən “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyinin özəl məlumatlarına və analitik informasiyasına da giriş əldə edəcək.


17.09.2024 | 16:04