Valideynləri onu gələcəkdə həkim kimi görməyi arzulasalar da... - İSTEDAD
Aydan Əlizadə Astara rayon Pensər kənd 1 nömrəli tam orta məktəbin məzunudur. Hazırda Azərbaycan Milli Konservatoriyasında Xalq Çalğı Alətləri instrumental ifaçılıq kafedrasının “Kamança” sinfinin tələbəsidir. O, “Azərbaycan müəllimi” qəzetinin oxucularına bildirib ki, orta məktəbdə oxumaqla bərabər Lənkəran şəhər C.Cabbarlı adına uşaq musiqi məktəbinin “Kamança” sinfinə daxil olub. Kamança ilə bərabər orkestr təhsili də alıb. Skripkaya da böyük həvəs göstərib, bu alətdə sərbəst ifa etməyi bacarır. 
 
    Valideynləri onu gələcəkdə həkim kimi görməyi arzulasalar da...
 Söhbət zamanı öyrəndim ki, Aydan 2020-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olub. Musiqinin dərin sirlərinə Əməkdar artist Arzu Səlimovanın, muğamın sirlərinə isə Əməkdar artist Elnur Əhmədovun sayələrində yiyələnib. Həmsöhbətimin dediyinə görə, valideyinləri və müəllimləri onu gələcəkdə həkim kimi görməyi arzulasalar da o, ruhuna daha çox doğma olan musiqi sahəsini seçib və inadından da dönməyib.
 
    “Kamança həyatımın mənasıdır”
 Artıq gənc ikən musiqi sahəsində özünü təsdiqləyən bir gəncin dilindən süzülən bu sözləri eşitmək necə də xoş idi: “Kamança mənim həyatımın mayasıdır. Bu musiqi alətini əlimə alanda sanki tamamlanıram. Onunla ifa etdiyim zaman özümü rəngarəng musiqi aləmində hiss edirəm, nağıllar aləminə düşürəm. Daim öz üzərimdə işləyərək müəllimlərimin mənə olan inamını və ümidlərini doğrulduram. Qatıldığım bütün müsabiqələrdə qalib adını qazanmışam. 2016-cı ildə Qara Qarayev adına III Respublika Elmi-İfaçılıq Müsabiqəsində diplomant adına layiq görüldüm. Hətta həmin il musiqi məktəbini də fərqlənmə diplomu ilə bitirdim”.
  Söhbət zamanı bu gün gənclərin musiqi sahəsinə daha çox meyil göstərdiyinin səbəbini də Aydan obyektiv dəyərləndirərək dedi ki, bunun ən başlıca səbəbi dövlətin musiqi sahəsinə göstərdiyi dəstəklə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın musiqi sahəsinə və gənclərə göstərdiyi diqqət və qayğı bizi daha çox uğur qazanmağa ruhlandırır. Musiqi sahəsində fəaliyyət göstərən bir gənc olaraq mən də deyə bilərəm ki, dövlətimiz tərəfindən gənclərə göstərilən etimad, bizim üçün yaradılan şərait çox təqdirəlayiqdir.
 
        Laureat adını qazanıb
10 ildən çox bir zaman kəsiyində “Kamança” ixtisası üzrə özünü inkişaf etdirən Aydan qatıldığı bütün müsabiqələrdə beynəlxalq və respublika müsabiqələri laureatı adını qazanıb, həmin uğurların sevincini yaşamaqdadır. O, Rusiya Federasiyasının paytaxtında keçirilən musiqi festivalında ölkəmizi layiqincə təmsil edib. 2021-ci ildə “İnternational Music Fantasy Competition” adlı onlayn beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb. Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq müsabiqədə II yeri qazanıb. 2024-cü ildə isə M.Maqomayev adına Azərbaycan Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələrinin konserti” şüarı altında öz solo ifası ilə uğurla çıxış edib.
 
       Arzusu kamançanı başqa ölkələrdə tanıtmaqdır
 ...Söhbət zamanı Aydan dedi ki, ən böyük arzusu kamançanı xarici ölkələrdə tanıtmaq və sevdirməkdir. Skripka bütün dünyada tanınan bir musiqi alətidir. Kamança isə Azərbaycana xas olan, milli adət-ənənələrimizi təbliğ edən alətdir. Onu tanıtmaq və sevdirmək mənim üçün şərəfdir. Eyni zamanda öz şəxsi musiqi məktəbimi açıb, nəinki Azərbaycan, hətta xarici ölkələrdən də marağı olan gənclərə kamançanın sirlərini aşılamaqdır. Bu mənim qurduğum bir xəyaldır. Mən bu xəyalları reallaşdırmaq üçün öz üzərimdə çox çalışıram.
 Öz yetirməsi haqqında ürək sözlərini dinləmək üçün Aydanın sevimli ixtisas müəllimi Əməkdar müəllim, dirijor və mahir kamança ifaçısı Arzu Səlimova da tələbəsi haqqında fikirlərini bizimlə bölüşdü. Söylədiklərini isə həyəcansız dinləmək mümkün deyildi. Bu sözlər olduqca qürurverici idi. Onları dinlədikcə gənc kamança ifaçısı Aydan Əlizadənin gələcəkdə musiqi kahkəşanının ənginliklərində necə parlayacağını təsəvvür etməmək mümkün deyildi...
 
Sifai SƏFƏROVA
 


17.09.2024 | 14:12