DİM qəbul imtahanlarında 600-dən yüksək bal toplayanlara müraciət ünvanlayıb | |
Təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, təhlili və təbliği hər zaman Dövlət İmtahan Mərkəzinin (DİM) diqqət mərkəzindədir. Artıq neçə ildir ki, ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, ictimaiyyətə tanıdılması məqsədilə DİM bir sıra tədbirlər həyata keçirir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
1999-cu ildən başlayaraq “Abituriyent” jurnalının bir nömrəsi tamamilə bilik öncüllərinə həsr edilirdi. 2016-cı ildən etibarən “Bilik yarışının öncülləri” internet layihəsi istifadəyə verilib və abiturient.az saytında ayrıca bir bölmə 600 və daha yüksək bal toplayan gənclərə həsr olunur.
Qəbul imtahanlarında 600 və daha yüksək bal toplayan gənclərə dair bu portalda indiyədək 26 minə yaxın şəxs haqqında məlumat dərc olunub.
Layihənin missiyası yüksəkballı gənclərin təbliği ilə yanaşı bilik yarışının öncüllərinin təcrübələrini şagirdlərə, gələcək abituriyentlərə örnək kimi təqdim etməkdir.
Əziz bilik yarışının öncülləri! Bu layihədə fəal iştirak edin və təcrübənizi paylaşın.
Bunun üçün Siz, Şəxsi kabinetinizin istifadəçi adı və iş nömrəsindən istifadə etməklə abiturient.az saytında təqdim olunan anket-sorğusunu doldurmalısınız. Anket-sorğusu yalnız bir dəfə və bütün bəndləri doldurulur. Nəzərinizə çatdırırıq ki, saytda yalnız anket-sorğusunu doldurmuş və "Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin abiturient.az saytında təqdim olunmasına razısınızmı?" sualına "bəli" cavabını qeyd etmiş gənclər haqqında məlumat veriləcək. |
|
17.09.2024 | 10:56 | |
|
|
|