ADNSU ilə QS arasında müqavilə imzalanıb
Sentyabrın 16-da Quacquarelli Symondsun (QS) regional direktoru Sergey Xristolyubov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovla görüşüb. 
 
Bu barədə "Azərbaycan müəllimi"nə ADNSU-dan məlumat verilib.
 
ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektor müavini, dosent Ülviyyə Abbasova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aysel Kərimlinin də iştirak etdiyi görüşdə ADNSU-nun 2024-cü il QS reytinqindəki uğurunlarından bəhs olunub. Dosent Vazeh Əskərov diqqətə çatdırıb ki, universitet qarşıdakı yaxın illərdə təhsil və tədrisin yüksəldilməsi, müasir təhsil sisteminin daha da inkişaf etdirilməsi, eyni zamanda elmi nailiyyətlərin əsaslı şəkildə yenilənməsi istiqamətində qazanılan uğurlar sayəsində həm də QS reytinqində daha da ön sıralarda qərarlaşmağı hədəfləyib. 
 
Sergey Xristolyubov son illər ADNSU-nun beynəlxalq reytinq sıralamasında, o cümlədən QS reytinqində sürətlə ön sıralarda qəralaşmasının təqdirəlayiq olduğunu deyib. O, həmçinin əlavə edib ki, xüsusilə son iki il ərzində ADNSU akademik göstəricilərdə böyük fərqlə irəliləməklə diqqət çəkib. Belə ki, ötən illə müqaisədə beynəlxalq səsvermə əmsalına görə 3 dəfə artıq nəticə əldə olunub. 
 
Qarşılıqlı fikir mübadiləsi və əməkdaşlıq əlaqələrinin müzakirəsi ilə keçən görüşün hüquqqi nəticəsi olaraq tərəflər arasında növbəti 5 il üçün müqavilə imzalanıb. 
 
Bu da ADNSU-nun beynəlxalq reytinq platformalarında, o cümlədən QS-də sürətlə irəliləməsində öz təsirini göstərəcək. 


17.09.2024 | 10:22