Müasir təlim texnologiyaları tarixin tədrisində

Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir deyiblər. Gələcəyin sağlam təməllər üzərində qurulması biz müəllimlərdən asılıdır. Yenilənən və daim dəyişən dünyada biz müəllimlər buna nə dərəcədə nail oluruq? Və ya nə edirik? Bunun üçün yetərincə çalışırıqmı? Hər bir müəllim özündən soruşsa ki, mən öz övladımın özüm kimi müəllim olmasını istəyərəmmi, bax o zaman əsl müəllim ola bilmişikmi sualına da cavab tapmış olarıq. Biz əsla keçmişlə yaşaya bilmərik, amma keçmişdən dərs almalıyıq. Yəni, yenilikləri inkar edib qəbul etməməklə irəliyə doğru bircə addım da atmış olmuruq.  Bəs, sürətlə dəyişən zamanla ayaqlaşmaq üçün biz nə edirik? Hələ orta əsrlərdə Cordano Bruno öz qeydlərində yazırdı ki, indiki zaman insanı heyrətə salan sürətlə gəlib keçir, gələcək zaman da eyni sürətlə yaxınlaşır.  Orta əsrlərdə söylənən bu fikir günümüz üçün daha aktualdır. Zamanla ayaqlaşmaq üçün yenilikləri qəbul edib işimizə tətbiq etməliyik. Belə bir fikir var ki, yenilikləri düşünənlər deyil , onları həyata keçirənlər yenilikçidir.

 

Şagirdlər yeniliyi xoşlayır. Onlar müəllimlə hər görüşlərində bizdən yeni nə isə gözləyirlər. Məhz buna görə müasir  dərs müəllim yaradıcılığı olmaqla  onun  düşüncə  və fantaziyasını özündə birləşdirir. Bütün fənlərdə olduğu kimi tarixdə də interaktiv təlim metodlarını geniş  tətbiq etmək  mümkündür. İKT-dən istifadə bu üsulları daha maraqlı edir. Çünki internetdə dərsi maraqlı edə biləcəyimiz çoxlu sayda resurslar var. Hər bir müəllimin dərsə yanaşması fərqlidir.

 

İnteraktiv oyunlardan və  İKT-dən istifadə edərək qurulan dərs şagirddə maraq yaratmaya bilməz. Bu cür tədris olunan dərslər bütün şagirdlərin, məsələn, passiv, utancaq, bilik cəhətdən digər yoldaşlarından geri qalan şagirdlərin dərs prosesinə aktiv qoşulmasına şərait yaradır. Dəfələrlə müşahidə etmişəm ki, interaktiv dərs zamanı hətta ən pis oxuyan şagird belə dərsə etinasız qala bilmir. Onların gözlərində dərsə yaranmış marağı görməmək mümkün deyil. Hətta məqamlar olur ki, belə şagirdlər özlərindən asılı olmadan interaktiv lövhənin önünə gəlib dərs prosesinin iştirakçısı olmağa çalışırlar.  Məhz buna görə də mən dərslərimdə elektron resurslardan geniş şəkildə istifadə edirəm. Amma nəzərə  alsaq ki, texnologiyada müəyyən problemlər yarana bilər, bu zaman müəllimin alternativ dərs planı və  peşəkarlığı vacibdir.  

 

Belə olan halda tarix fənni Venn diaqramı, səhnələşdirmə, klaster, müzakirə, debat kimi metodlardan geniş istifadəyə imkan verir. Rollu oyunlardan istifadə şagirdlərə çətin vəziyyətdən çıxmağı bacarmaq vərdişləri aşılayır, sərbəst olmaq bacarıqlarını  formalaşdırır. Məsələn, 5-ci sinifdə “Ağqoyunlu dövlətinin hökmdarı” mövzusunu tədris edərkən  şagirdlər Sara xatun və II Mehmetin qarşılaşmasını, “Gəncə niyə Yelizavetpol adlandı” mövzusunda Cavad xan və Sisianovun məktublaşmasını kiçik səhnəciklər vasitəsi ilə canlandırırlar. Əlbəttə ki, qeyd etdiyimiz kimi uşaqlar nə psixoloji cəhətdən, nə də bilik, bacarıq  və qabiliyyətlərinə  görə eynidirlər. Nisbətən zəif  şagirdlər tədris  prosesinə  qoşula bilmir. Ancaq dərs bu cür təşkil olunarkən hər bir şagird belə yaradıcı prosesə  qoşula bilər. Belə dərs  uşaqlara  yorucu gəlmir.

 

Yaradıcı layihələr, məsələn, təqdimatlar, qəzet vərəqələrinin hazırlanması, debatlar şagirdlərin qabiliyyətlərinin, istedadlarının üzə çıxarılmasına, praktik vərdişlərə yiyələnməsinə, şəxsiyyət kimi formalaşmasına kömək edir. Dərslərdə  mövzu ilə əlaqədar krossvordların  hazırlanması da belə üsullar qədər maraqlıdır. Çünki burada da müəllimin yaradıcılığı özünü göstərir.  Mən krossvordları elə qururam ki, tapılan söz ölkəmizin, şagirdlərin, məktəbin  adı ilə bağlı olsun. Dərs zamanı keçirilən bilik yarışları şagirdlərdə rəqabət aparmaq bacarığı formalaşdırır.

 

Məsələn, dərs dediyim siniflərdə tətbiq etdiyim müəllifliyi özümə aid olan “Bilgi taxtı” adlı bilik yarışından kiçik bir nümunə: Şagirdlərdən biri liderlik kürsüsünə əyləşir, ona verilən suallara cavab tapmağa çalışır. Suallara cavab tapmadıqda isə  taxtı tərk edir, yerinə  digər sualı vermiş şagird əyləşir. Bu oyun zamanı şagirdlər  sərbəst qərarvermə, vaxtdan səmərəli istifadə etmək, liderlik keyfiyyətlərini özlərində aşılayırlar. Və ya rəngli kağızlardan hazırlanmış topu tut, oyunu. Hər yarpağa,  kağıza yazılmış suallara cavab tapmağa çalışan şagirdlər rəmzi topu bir-birinə atırlar. Hər dəfə də bir kağızı açaraq sualları cavablandırırlar. Bu oyunu tətbiq edərkən sinifdə inanılmaz aktivlik, canlanma yaranır. Uşaqlar rəngləmə albomları deyil və biz onları öz sevdiyimiz rənglərlə rəngləyə bilmərik. Onların sevdiyi rəngləri ətrafımıza  gətirməliyik, bax onda dərs zamanı uşaqlar üçün qurduğumuz dünya da onlara maraqlı gələcək. Yəni, görəndə ki, onlar bu üsulları sevir, o zaman daha çox tətbiq etməyə çalışıram. Buna görə də məktəbdə “Kiçik tarixçilər klubu” adlı şagirdlərdən ibarət qrup yaratmışıq. Klubu yaratmaqda məqsədimiz şagirdlərin tarix fənninə marağını daha da artırmaqdır. Klubun iştirakçıları ilə vaxtaşırı görüşürük və hər görüşümüzdə bu həftə və ya bu ay tarix fənni ilə bağlı dərsdə, məktəbdə hansı yeniliyi görmək istəyirlərsə müzakirə aparıb məhz şagirdlərin maraq dairəsinə uyğun təklifləri işimizə tətbiq edirik. Şagirdlərdən o qədər maraqlı, yaradıcı təkliflər gəlir ki, bunları həm dinləyərkən, həm də həyata keçirərkən şagird özünü dəyərli hiss edir, fikirlərinə, qərarlarına hörmətlə yanaşıldığının fərqinə varır. Onlar gözəl anlayırlar ki, bütün dərs boyu tədris prosesinin maraqlı keçməsi bizim özümüzdən asılıdır.

 

Dərsi yalnız sinif otağında deyil, keçilən mövzu ilə əlaqədar olaraq muzeydə, yaxud hər hansı bir abidənin yerləşdiyi məkanda da keçmək maraqlı olur. Şagirdlərimlə rayonumuzda yerləşən Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya edirik. Şagirdlər araşdırmalarını, tədqiqat işlərini, layihələrini burada da apara bilirlər. Çoxsaylı suallarına cavab tapırlar. Rayonumuzun ərazisinin qədim Albaniya dövlətinə daxil olduğunu nəzərə alsaq şagirdlərin səyahət etdiyimiz Alban kilsələrində öyrəndiklərinin nə qədər böyük əhəmiyyət daşıdığını söyləməyə ehtiyac yoxdur. Həm rayon ərazisində, həm də rayonun kəndlərində yerləşən bütün Alban kilsələrində olmuşuq. Qədim dövr tariximizi tədris edərkən Uğan mağarasına, tunc dövrünə aid kurqanlara, orta əsrlər tariximizi öyrənərkən müdafiə xarakterli tikililərə - Muxas qülləsinə, Surxayxan qalasına, dini inanclar mövzusunu keçərkən isə rayon ərazisində yerləşən sinaqoqlara və məscidlərə səyahət etmişik. Belə halda əyanilik mövzunun mənimsənilməsində şagirdlərə yaxından köməklik göstərmiş olur. Dərslərin məkana görə keçirilməsi zamanı şagirdlər sanki həmin dövr tarixinin iştirakçısına çevrilirlər. Dəfələrlə həmin abidələrdə “açıq dərs”lərimiz olub. Valideynlər, müəllimlər, hətta rayon ictimaiyyətinin nümayəndələri də bu dərslərimizə qatılıblar. Onlar sosial mediada və rayon qəzetində işıqlandırılıb.

 

Nəzərə alsaq ki, şagird üçün müəllim hər şeyi biləndir, müəllimdə mütləq müxtəlif kompüter proqramlarında işləmək bacarığı olmalıdır. Odur ki, müəllimlərin cəlb edildiyi İKT kursları, təlimləri ilə yanaşı, o özü də öyrənməyə çalışmalıdır. Əslində öyrətmək yenidən öyrənməkdir. Buna görə də bir müəllim kimi daim öz üzərimdə çalışıram. Məsələn, Pover Point, movie maker, smart notebook, active inspire, Veb 2 texnologiyalarını dərslərimə geniş şəkildə tətbiq edirəm.

 

Nəticə olaraq əlimdə böyük bir material bazası toplanıb. Bu resursların müəllim həmkarlarıma internet vasitəsi ilə çatdırılması məni də düşündürürdü. Bu ideyanın reallaşmasına “V Elektron təhsil” respublika müsabiqəsi təkan verdi.

 

Çətin və gərgin əməyim nəticəsində “Tarix müəllimi” saytını yaratdım. Saytda müxtəlif proqramlarda yığılmış dərs nümunələrimi,  kiçik və böyük summativ qiymətləndirmələri (testləri), müxtəlif tarixi məlumatları, tariximizlə bağlı filmləri, interaktiv oyunları və sairi cəmləşdirdim. Saytı “Elektron təhsil” respublika müsabiqəsinin “Təhsildə internet resurslar” nominasiyasına təqdim etdim. Nəticə  uğurlu oldu, həmin nominasiyanın fərqlənmə diplomuna layiq görüldüm. Uğurlu nəticə, həmçinin şagirdlərin və müəllimlərin sayta artan marağı saytın fəaliyyətini genişləndirməyimə səbəb oldu. Çünki  həm onlayn testlərə, həm də dərslərə şagirdlər böyük maraq göstərir, onları həll edir, yeni materiallar görməyi arzulayırlar.

 

Eləcə də  tərtib etdiyim test nümunələri müəllim həmkarlarıma summativ qiymətləndirmə keçirərkən köməyinə çatırdı. Beləliklə, “Tarix müəllimi” saytı tam yeni formatda, daha geniş şəkildə internet istifadəçilərinin ixtiyarına verildi.  Saytın bölmələri genişləndi: interaktiv oyunlar, online testlər, məktəbimiz, tarixdə qadınlar, maraqlı məlumatlar,  100-dən çox dərs nümunəsinin cəmləşdiyi elektron resurslar bölmələri ilə yanaşı, saytın eyni adlı youtube kanalı və facebook qrupu fəaliyyətə başladı.  Beləliklə “VI Elektron təhsil” müsabiqəsi elan olunduqda isə saytı yenidən müsabiqəyə təqdim etdim və müsabiqənin qalibi oldum. Bu gün artıq saytdan təkcə öz şagirdlərim deyil, respublikamızın müxtəlif şəhər və rayonlarından müəllim və şagirdlər istifadə edir. Yeri gəlmişkən qeyd edim ki, saytla axtarış sistemindən www.tarixmuellimi.wix.com/tarixmuellimi linkinə daxil olmaqla tanış olmaq olar. Bu sayt  tarix dərslərində interaktiv təlim texnologiyalarından istifadəyə kömək edir.

 

Bundan başqa, yuxarıda qeyd etdiyim kimi Veb 2 texnologiyalarından istifadə edirəm. Veb 2 şagirdlərin öyrənmələrini asanlaşdırır  və onları öyrənməyə təşviq edir. Classdojo adlı Veb 2 aləti vasitəsilə hər bir müəllim öz dərs dediyi sinfin elektron versiyasını yarada, dərsdən sonra əməkdaşlıq edə, valideynlər şagirdlərin dərs zamanı nə ilə məşğul olduqlarını, hansı qiymətləri aldıqlarını görə bilərlər. Bu alətin üstünlüyü odur ki, digər sayt və ya internet səhifələrinə daxil olarkən şagird zərərli məlumatların əldə olunmasından sığortalana bilmirsə, amma burada sırf təhsil yönümlü paylaşımlar yer tutur və əsasən də istənilən hərəkət müəllimin və valideynin nəzarəti altında baş verdiyindən şagirdlər üçün təhlükəsizlik baxımından da əhəmiyyətlidir. Məhz bu alətdən istifadə edərək həm dərs dediyim təmayül siniflərdən birinin, yəni X sinfin  və sinif rəhbəri olduğum digər XI sinfin elektron versiyasını yaratmışam. Bu iş hələ ilkin mərhələdədir. Bölgə məktəbiyik, valideynlərin özünün də məlumatının olması vacibdir. Şagirdlər və valideynlərlə görüşmüşük. Onların da dəstəyi ilə  başladığımız layihə bu il tam həyata keçəcək. Bundan başqa, Veb 2 alətləri hər zaman arzusunda olduğum bir layihənin də həyata keçməsinə imkan yaradıb. Bu, distant təhsillə bağlıdır. Belə ki, sağlamlıq imkanı məhdud və təhsildən uzaq düşmüş uşaqları da bu alətlər vasitəsilə təhsil prosesinə cəlb və əslində onları da cəmiyyətə adaptasiya etmək üçün əhəmiyyətlidir.  Bununla bağlı təhsil şöbəsi ilə iş başlamışıq. Rayonumuzda 21 belə şagird var. Artıq bir neçə valideynlə görüşmüşük. Onlar üçün bu layihənin nə qədər stimul olduğunu sözlə ifadə etmək belə çox çətindir.  Bildiklərimi müəllim yoldaşlarıma çatdırmaq istəyirəm, internet texnologiyalarından istifadə barədə bildiklərimizi bölüşmək vacibdir. Belə ki, hər il yay tətili günlərində rayonun bütün ümumtəhsil məktəblərində çalışan İKT sahəsində dəstəyə ehtiyac olan müəllimləri məktəbimizdə təlimlərə cəlb edirik.

 

Mətanət KƏRİMOVA,

Oğuz şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi



23.11.2018 | 16:44