Tələbəlik həyatına qədəm qoyan gənclər böyük sevgi və rəğbətlə qarşılanıblar | |
Ölkəmizdə 2024-2025-ci tədris ilinin ilk dərs günlərini yaşayırıq. Təhsil müəssisələrinə yollanan hər kəs sevincli və biraz da həyəcanlıdır. Məktəbi bitirib tələbə adını qazananların sevincini isə sözlə ifadə etmək elə də asan deyil. Bu adın insana necə qol-qanad verdiyi, gələcəyə necə böyük ümidlərlə ilhamlandırdığı həmin anları yaşayan insanlara çox yaxşı məlumdur. Xüsusilə yüksək balla ali məktəblərə qəbul olan gənclər qədəm qoyduqları təhsil ocaqlarında böyük sevgi və rəğbətlə qarşılanırlar.
“Azərbaycan müəllimi” Abşeron-Xızı regionu üzrə yüksək nəticə göstərmiş bir neçə gəncin ilk dərs günü təəssüratlarını oxucularına təqdim edir.
İyulun 7-də keçirilmiş qəbul imtahanında II ixtisas qrupu üzrə 700 bal toplayan Xırdalan şəhər 2 saylı tam orta məktəbin məzunu Şəbnəm Novruzovanı artıq bütün Azərbaycan tanıyır. Şəbnəm ADA Universitetinin tələbəsidir:
“Mən arzuladığım ali məktəbdə - ADA Universitetində Maliyyə ixtisası üzrə təhsil alıram. Sentyabrın 6-da ADA Universitetində tanışlıq günü, sentyabrın 9-da isə ilk dərs günü oldu. Universitetin rektoru Hafiz Paşayev də məni qəbul edib təhsilimdə uğurlar arzuladı. Bu cür xoş qarşılanma üçün oxuduğum ali məktəbin rəhbərliyi başda olmaqla hər kəsə təşəkkür edirəm. Yeni müəllimlərim və qrup yoldaşlarımla tanışlıq mənə olduqca xoş təsir bağışladı. Universitetin ən müasir standartlara cavab verən auditoriyalarında dərs keçmək, ADA tələbəsi olmaq mənə möhtəşəm hisslər bəxş edir. Mənim bu hissləri yaşamağım üçün hər zaman yanımda olan, üzərimdə əziyyətləri keçən valideynlərimə və müəllimlərimə sonsuz minnətdarlığımı bildirirəm. Məqsədim magistr təhsilimi xarici ölkədə davam etdirib, peşəkar mütəxəssis kimi fölkəmə xidmət etməkdir. Uğur əldə etmək istəyən gənclərə əzmlə çalışmağı tövsiyyə edirəm. Məqsəd uğrunda çalışanda, istədiyin nəticəni əldə edə bilirsən”.
Mələk Pələngli yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olub və ingilis dilində təhsil alacaq:
“Mən bu il Sumqayıt şəhəri 24 nömrəli tam orta məktəbi bitirmişəm. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda 659 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinə qəbul olunmuşam. Bu uğuruma görə məzunu olduğum məktəbin direktoru Fikrət Şamxalova, sinif rəhbərim olmuş Ruqiyyə müəlliməyə, eləcə də digər bütün müəllimlərimə təşəkkür edirəm. Mən buraxılış imtahanında 295, blok imtahanında isə 366 bal toplamışdım. Yüksək nəticə göstərməyimin səbəbi vaxtımın çoxunu dərslərimə ayırmağım, məqsədyönlü şagird olmağımla əlaqəlidir. Bu gün qrup yoldaşlarımla, yeni müəllimlərimlə, universitetlə tanışlıqdan sonra UNEC-i seçməyimdə yanılmadığıma əmin oldum. Olduqca həyəcanlı və xoşbəxtəm. Bu anın uğurlu başlanğıc olacağına və ali məktəbdə də ümidləri doğruldacağıma inanıram. Gələcək arzum ali məktəbi bitirdikdən sonra magistr təhsilimi xarici universitetlərdən birində davam etdirib, ölkəmə savadlı iqtisadçı kimi dönməkdir”.
Aytac Babayeva qanunun keşiyində durmaq niyyətindədir. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub:
“Mən Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəbin məzunuyam. Buraxılış imtahanında 265, blok imtahanında isə 275 bal toplayaraq ümumi 540 balla ali məktəbə qəbul olmuşam. Həmçinin Sumqayıt şəhəri 3 nömrəli musiqi məktəbində fortepiano üzrə təhsil alıb müxtəlif müsabiqələrə qatılmışam, fənn olimpiadalarında iştirak etmişəm. Çıxdığım bütün yollarda valideynlərim arxamda olub, fikirlərimi dəstəkləyiblər. Müəllimlərim də həmişə mənə dəstək olublar. Üzərimdə əməyi olar hər bir müəllimimə minnətdarlığımı bildirirəm. İlk universitet günüm çox xoş keçdi. Bütün tələbələri olduqca mehribanlıqla qarşıladılar. 900 nömrəli auditoriyada müəllimlərin çıxışından sonra daha da həvəsləndim. Gələcək barədə planlarım dəqiqləşdi – artıq özümü ədalətli hakim kürsüsündə görürəm. Bilirəm ki, seçdiyim ixtisas çətindir və öz üzərimdə çox işləməliyəm. Ancaq özümə güvənirəm. İnanıram ki, bu yolda uğurlarım bol olacaq”.
Lamiyə ƏLİMƏRDANOVA,
Abşeron-Xızı regionu üzrə təmsilçi
|
|
17.09.2024 | 10:03 | |
|
|
|