Beyləqanın Kəbirli kəndində əsaslı təmir olunmuş məktəb binası və yeni korpus istifadəyə verilib
Sentyabrın 16-da Beyləqan rayonunun Kəbirli kəndində 1 saylı tam orta məktəbin əsaslı təmir edilmiş binası və yeni tikilən korpusu istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayonu üzrə Təhsil sektorunun müdiri Elvin Abbasov, məktəbin pedaqoji kollektivi, şagirdlər və kənd ictimaiyyəti iştirak ediblər.
 
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Kəbirli kəndində şəhidlərimizin xatirəsinə inşa olunmuş abidə ziyarət edilib, önünə gül dəstələri düzülüb. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirdə çıxış edənlər müəllim və şagirdləri məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilə verilən önəmdən, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yönəldilən mühüm tədbirlərdən danışıblar.
 
Sonra tədbir iştirakçıları binada yaradılan şəraitlə tanış olublar, onlara məktəbin fəaliyyəti, əsaslı təmir olunan binanın tikintisi haqqında məlumat verilib.
 
Bildirilib ki, müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətdə təşkili üçün hər cür şəraitə malikdir. Məktəb binası 504 şagird yerlikdir. Təhsil müəssisəsində 24 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, 2 informatika kabineti, 2 texnologiya otağı, məktəbəhazırlıq və çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana, 210 yerlik akt zalı, idman zalı və 144 yerlik yeməkxana var.


16.09.2024 | 16:36