Qalaqayın tam orta məktəbin yeni inşa olunmuş binasının açılış mərasimi keçirilib
Sentyabrın 16-da Sabirabad rayonu Qalaqayın kənd Ə.Qurbanov adına tam orta məktəbin yeni inşa olunmuş binasının açılış mərasimi keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, açılış mərasimində Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Leyla Xəlilova, Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, Sabirabad Rayon İcra Hakimiyyətinin müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, məktəb kollektivi, şagirdlər və valideyinlər iştirak ediblər.
 
Açılış mərasimində Leyla Xəlilova çıxış edərək yeni tədris ili və məktəb binasının açılışı münasibətilə təhsil işçilərini, şagirdləri və valideynləri təbrik edərək onlara uğurlar arzulayıb. O, son illər ölkəmizdə çoxlu sayda məktəb binasının tikildiyini və əsaslı təmir olunduğunu vurğulayıb.
 
Tədbirdə çıxış edənlər son illərdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildiriblər. 
 
Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.
 
Bildirilib ki, yenidən tikilmiş məktəb 528 şagird yerlikdir. Məktəbdə 23 sinif otağı ilə yanaşı, hər cür avadanlıqla təchiz olunmuş məktəbəhazırlıq otağı, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq, kitabxana, akt və idman zalı, yeməkxana mövcuddur.


16.09.2024 | 16:18