Şamaxı rayonu Bağırlı kənd tam orta məktəbinin yeni binasının açılışı olub
Sentyabrın 16-da Heydər Əliyev Fondu tərəfindən Şamaxı rayonu Bağırlı kənd tam orta məktəbi üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər veir ki, 1988-ci ildə tikilən və tamamilə yararsız vəziyyətə düşən Şamaxı rayonu Faiq Şıxəliyev adına Bağırlı kənd tam orta məktəbinin yeni binası inşa edilib.
 
Açılış mərasimində Elm və Təhsil Nazirliyinin nümayəndəsi Vəfa Yaqublu, Heydər Əliyev Fondunun əməkdaşı Şamil Əzizov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Həmid Qasımov, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.   
 
Elm və Təhsil Nazirliyinin nümayəndəsi Vəfa Yaqublu çıxış edərək yeni məktəbin istifadəyə verilməsi münasibətilə məktəb kollektivini təbrik edib, son illər təhsilin inkişafı üzrə əhəmiyyətli işlərin görüldüyünü diqqətə çatdırıb. Təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.
 
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək bildirib ki, ucqar kənddə belə bir tədris binasının istifadəyə verilməsi ölkə təhsilinə, o cümlədən Şamaxıda tədrisin keyfiyyətinin yüksəldilməsinə göstərilən qayğının bariz nümunəsidir. O, rayon sakinləri adından Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. 
 
Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov tədbirdə iştirak edən olan müəllim, şagird və valideynləri yeni tədris ilinin başlanması və təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədə gördüyü ardıcıl tədbirlərdən danışıb.
 
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Həmid Qasımov vurğulayıb ki, Bağırlı kənd tam orta məktəbi üçün yeni binanın inşası son illərdə təhsil sahəsində qazanılan uğurların təməlində Azərbaycanın yeni təhsil modelinin dayandığını bir daha təsdiqləyir.
 
Qonaqlar yeni təhsil ocağında yaradılan şəraitlə tanış olublar, yeni məktəb binasının müasir tələblərə cavab verdiyini, təhsil prosesinin daha keyfiyyətli və səmərəli təşkili üçün şərait yaradacağını qeyd ediblər.
 
Məktəbdə yaradılmış şəraitlə tanış olan qonaqlara məlumat verilib ki, ikimərtəbəli məktəb 480 şagird yerlikdir, üç blokdan ibarətdir. Hazırda məktəbdə 426 şagird təhsil alır. Məktəbdə direktor və müavininin otağı, müəllimlər otağı, 21 sinif otağı, idman zalı, texniki işçilərin otağı, mühafizə otağı, fizika, kimya, biologiya, informatika kabinetləri, hərbi kabinet, qızlar və oğlanlar üçün texnologiya otaqları, iclas zalı, qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası da var. Məktəbin binası müasir elektrik, kombi istilik sistemi, həmçinin zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.
 
Məktəbin həyətyanı ərazisində də abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.
 
Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binasının inşa edilməsi müəllim kollektivi ilə yanaşı, şagird və valideynləri də sevindirib.  
     
Elnarə Qasımova, 
Dağlıq Şirvan bölgəsi
 


16.09.2024 | 13:35