Bakıda 276 nömrəli tam orta məktəbdə Bilik Günü qeyd olunub | |
Bu gün Bakı şəhəri 276 nömrəli tam orta məktəbdə də Bilik Günü qeyd olunub. Yeni tədris ilinin ilk gününün gətirdiyi həyəcan və sevinc təhsil ocağının həyətinə toplaşan şagird və müəllim kollektivinin, həmçinin valideynlərin üzündən oxunurdu.
Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlanan tədbirdə daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Təhsil ocağının direktoru Əməkdar müəllim Bəhram Şiriyev tədbiri açaraq yeni tədris ilinin başlanması münasibətilə hər kəsi təbrik etdi. Məktəbin Bilik Günündə iştirak edən qonaqların gəlişinin şagirdlərin həyatında unudulmaz bir xatirəyə çevriləcəyini söyləyən direktor onlara öz təşəkkürünü bildirib. Rəhbərlik etdiyi məktəb haqqında qonaqlara məlumat verən direktor qeyd edib ki, ümumtəhsil müəssisəsi 2024-2025-ci tədris ilinə 2131 şagirdlə başlayır. Onların təlim-tərbiyəsi ilə 113 müəllim məşğul olacaq. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Yeni tədris ilində ibtidai siniflər üzrə Azərbaycan bölməsində 3 sinif olmaqla 96, rus bölməsi üzrə 2 sinif olmaqla 52 şagird təhsil alacaq. Məktəbin ötən tədris ilində qazandığı uğurlarından, ölkə başçısı İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı müvafiq sərəncamına uyğun olaraq təhsil ocağında görülən işlərdən, həmçinin məzunlarının ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələrdən söz açan Bəhram Şiriyev ötən tədris ilində 149 nəfər XI sinif şagirdindən 11-nin məktəbi fərqlənmə attestatı ilə, 1 nəfərin isə qızıl medalla bitirdiyini söylədi. Qeyd edildi ki, məzunlardan 84-ü respublikanın müxtəlif ali məktəblərinə, 37-si isə xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunub. Ali məktəblərə qəbul imtahanlarında 7 məzun 600-dən yuxarı bal toplayıb.
Daha sonra Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxış edərək Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə məktəbin şagird və müəllim kollektivlərini, valideynləri təbrik edib. Bu gün ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdlərinə təhsillərində uğurlar diləyib.
Eşqi Bağırov çıxışında elm və təhsil naziri Emin Əmrullayevin ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə müvafiq əmrində öz əksini tapan prioritet istiqamətlərə diqqət çəkib. Təhsilalanların sağlamlığı və təhlükəsizlik məsələlərinə toxunan Agentlik direktoru bildirib ki, bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması olduqca önəmlidir: “Bununla bağlı valideynlərin üzərinə də mühüm işlər düşür.
Valideynlər daim məktəblə, müəllimlə ünsiyyətdə olmalı, əməkdaşlıq etməli, təlim-tədris prosesinin aktiv iştirakçısına çevrilməlidirlər. Müasir dövrün şərtləri də bunu tələb edir. Bildiyiniz kimi son illərin yeni çağırışları var. Sosial şəbəkə dövrü, kibertəhlükəsizlik çağırışları bizi məcbur edir ki, valideyn olaraq uşaqlarımızın və məktəbin daim yanında olaq. Onların inkişafını, təhlükəsizliyini, sağlamlığını yaxından izləyək və dəstəyimizi əsirgəməyək”.
Eşqi Bağırov üzünü valideynlərə tutaraq çağırış etdi: “Uşaqlarınızın məktəb, təhsil həyatlarında yaxından iştirak etməyinizi xahiş edirəm. Digər vurğulamaq istədiyim vacib məqam təhsilin keyfiyyət göstəriciləri ilə bağlıdır. Bilirsiniz ki, biz son illərdə həm ibtidai, həm orta təhsil səviyyəsində müxtəlif qiymətləndirmələr aparırıq. Və bu qiymətləndirmələrin nəticələri onu göstərir ki, uşaqlarımızın müxtəlif siniflər üzrə riyaziyyat, ana dili fənlərindən bilik və bacarıqları ilə bağlı əlavə dəstəyə, inkişafa ehtiyacları var. Bu istiqamətdə də necə ki, müəllimlərimizin, peşəkar təhsilverənlərin rolu böyükdür, eyni zamanda valideynlərin də aktiv iştirakı olduqca önəmlidir”.
Agentlik direktoru daha sonra 276 nömrəli tam orta məktəbdə aparılan təlim-tədris prosesinə də toxundu. Ölkədə təhsillə bağlı həyata keçirilən ən innovativ layihələrin bu məktəbdə uğurla tətbiq olunduğunu qeyd edərək bunlara misal olaraq STEAM, “Rəqəmsal bacarıqlar”, Məktəblinin dostu”nun adlarını çəkdi.
Eşqi Bağırov sonda şagirdləri, müəllimləri və valideynləri bir daha yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək sağlam, təhlükəsiz mühitdə keyfiyyətli yüksək təhsil nəticələri arzuladı.
Tədbir bədii hissə ilə davam etdirildi. Məktəbin şagirdlərinin ifasında mahnılar, birincilərin çıxışları tədbiri rəngarəng və yaddaqalan etdi.
Sonra yeni dərs ilinin ilk zəngi çalındı. Birincilər müəllimləri ilə birlikdə məktəbə daxil olaraq öz siniflərində yerlərini tutdular.
Samirə KƏRİMOVA
|
|
16.09.2024 | 11:47 | |
|
|
|