İşğaldan azad edilmiş ərazilərdə yeni tədris ilinə hazırlıq necə gedir?
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin yeni tədris ilinə hazırlığı ilə bağlı vəziyyət açıqlanıb.
 
Qarabağ Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, Şuşa şəhəri 1 nömrəli tam orta məktəb 960 şagird yerlikdir. Üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binalar inşa olunub. Hazırda 92 nəfər şagird məktəbə yerdəyişmə və qəbul edilib. Onlardan 9-u 1-ci sinif, 17-i məktəbə hazırlıq qrupudur.
 
Xankəndi şəhərində təmir bərpa işləri davam etdirilən 624 yerlik məktəb binasında 15 sentyabr 2024-cü il tarixindən tədris prosesinin başlanılması nəzərdə tutulub. Məktəb üçün ayrılan ərazidə 11 sinif otağı, laboratoriya, texnologiya, informatika, GÇQH kabinetləri, 137 nəfərlik akt zalı, idman zalı, kitabxana və yeməkxana ilə təchiz edilmiş məktəb binası təmir edilib, istifadəyə hazır vəziyyətə gətirilib. Hazırda 220 nəfər şagird məktəbə yerdəyişmə və qəbul edilib. Onlardan 9-u 1-ci sinif, 5-i məktəbə hazırlıq qrupudur.
 
Xocalı şəhəri 1 nömrəli tam orta məktəb 132 şagird yerlikdir. Məktəbdə STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binaların inşa olunub. Hazırda 24 nəfər şagird məktəbə yerdəyişmə və qəbul edilib. Onlardan 1 nəfər 1-ci sinifdə təhsil alacaq.
 
Xankəndi şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçası 80 yerlik, Xocalı şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçası 40 yerlikdir. Məktəbəqədər təhsil müəssisəsiləri lazımi infrastrukturla təchiz olunub.
 
Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən isə bildirilib ki, regional idarə tabeliyində 3 ümumi təhsil müəssisəsi – Zəngilan rayonunun Ağalı kəndində Ağalı kənd tam orta, Laçın şəhərində 2 nömrəli tam orta və Laçın rayonunun Zabux kəndində isə Zabux kənd Ədalət Məmmədov adına tam orta məktəbləri fəaliyyət göstərir. 2024-2025-ci tədris ilində Ağalı kənd tam orta məktəbin məktəbəhazırlıq qrupunda 12 uşağın, I-XI siniflərində 150 şagirdin, Laçın şəhər 2 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qrupunda 9 uşağın, I-XI siniflərində 141 şagirdin, Zabux kənd Ədalət Məmmədov adına tam orta məktəbin məktəbəhazırlıq qrupunda 4 uşağın, I-XI siniflərində isə 70 şagirdin təhsilə cəlb olunması nəzərdə tutulub.
 
İşğaldan azad olunmuş torpaqlarda 2 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir: Zəngilan rayonu Ağalı kənd körpələr evi-uşaq bağçası və Laçın rayonu Zabux kənd körpələr evi-uşaq bağçası. Hazırda Ağalı kənd körpələr evi-uşaq bağçasında 39 uşaq, Zabux kənd körpələr evi-uşaq bağçasında isə 21 uşaq təhsilə cəlb edilib.
 
Onu da qeyd edək ki, Laçın rayonunun Sus kəndində isə yeni tədris ilinin sentyabrında Sus kənd tam orta məktəbi və eyni adlı körpələr evi-uşaq bağçası fəaliyyətə başlayacaq. Hər iki müəssisədə təmir-tikinti işləri tam yekunlaşıb və sentyabrın 15-də doğma yurdda öz doğma qapılarını şagirdlərin üzünə açacaq.

 



13.09.2024 | 15:08