Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin III Məclisi keçirilib | |
Noyabrın 19-da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) III Məclisi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının konfrans zalında keçirilən yığıncaqda paytaxt rayonlarının, eləcə də respublikanın müxtəlif bölgələrinin TİAHİ komitələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbə həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər.
Yığıncaqda ilk olaraq ATİAHİ Respublika Komitəsinin III Məclisinin gündəliyi və reqlamenti təsdiq olunub. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ötən müddət ərzində ATİAHİ Respublika Komitəsi tərəfindən görülən işlərdən danışıb.
Sonra ATİAHİ Respublika Komitəsinin şöbə müdiri Zəfər Məmmədovun “Kollektiv Saziş və Kollektiv Müqavilənin şərtlərinə əsasən ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi sahəsində ATİAHİ Respublika Komitəsinin xidmətində olan üzv təşkilatların gördüyü işlər və qarşıda duran vəzifələr barədə” məlumatı dinlənilib.
Qeyd olunub ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin xidmətində olan təhsil müəssisələrində işəgötürənlə işçilər arasında əmək münasibətlərinin tənzimlənməsi, Kollektiv Saziş və kollektiv müqavilələrin yerinə yetirilməsində üzv təşkilatların fəaliyyətləri araşdırılıb.
Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanmış Baş Kollektiv Sazişə əsaslanaraq ATİAHİ Respublika Komitəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında 2017-2019-cu illər üçün Kollektiv Saziş bağlanıb. Həmin Kollektiv Sazişi, eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsini, “Həmkarlar İttifaqları Haqqında” Azərbaycan Respublikasının Qanununu, təşkilatın Nizamnaməsini və Respublika Komitəsinin qərar və tövsiyələrini əldə rəhbər tutaraq şəhər və rayon həmkarlar ittifaqı komitələri müvafiq təhsil şöbələri ilə, ilk təşkilatlar isə müvafiq təhsil müəssisəsi rəhbərləri ilə Kollektiv Müqavilə bağlayıblar.
Zəfər Məmmədov Kollektiv müqavilələrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 31-ci maddəsinə uyğun olaraq təhsil işçilərinin əmək, sosial, iqtisadi, o cümlədən əməyinin ödənilməsi qaydaları və miqdarı, müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi, iş və istirahət vaxtı, məzuniyyətlərin müddətləri haqqında şərtlərin öz əksini tapdığını diqqətə çatdırıb. Həmin sənəddə daha sonra işçilərin əmək şəraitinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi, işəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatı ilə razılaşmaların aparılması və digər öhdəliklərin də olduğunu deyib. Bildirilib ki, Həmkarlar ittifaqı komitələri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 309-cu maddəsini əldə rəhbər tutaraq ittifaq üzvləri ilə bağlı bir sıra məsələləri iş planlarına daxil ediblər. Bunlar ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi, onlara əməkhaqqı və digər sosial ödəmələrin verilməsi, dərs və iş bölgüsü, kollektiv və əmək müqavilələrinin şərtlərinin yerinə yetirilməsi ilə əlaqədar araşdırılmaların aparılması, işçilərin digər hüquq və maraqlarının müdafiəsidir.
Şöbə müdiri sonra ATİAHİ Respublika Komitəsinin tabeliyində olan üzv təşkilatlarının yerlərdə gördüyü işlər, mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı reallaşdırdıqları tədbirlər barədə ətraflı söz açıb.
Z.Məmmədov araşdırma zamanı göstərilən nöqsan və çatışmazlıqların tezliklə aradan qaldırılması üçün ATİAHİ-nin xidmətində olan həmkarlar ittifaqı komitələrinə, ilk təşkilatların sədrlərinə əməli köməklik göstərildiyini və müvafiq tövsiyələr verildiyini də qeyd edib.
Yığıncaqda həmçinin ATİAHİ Respublika Komitəsinin katibi, şöbə müdiri Mübariz Eyvazovun komitənin büdcə göstəriciləri və aparatın ştat cədvəli ilə bağlı məlumatları müzakirə olunaraq təsdiq edilib.
Sonra ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadənin ATİAHİ Respublika Komitəsinin Məclis üzvləri arasında qismən dəyişiklik edilməsi barədə məlumatı müzakirə edilərək müvafiq qərar qəbul olunub.
ATİAHİ Salyan, Quba, Kəlbəcər, İsmayıllı rayon komitələrinin sədrləri çıxış edərək rəhbərlik etdikləri təşkilatların gördükləri işlərdən danışıblar. Çıxış edənlər ATİAHİ Respublika Komitəsinin həyata keçirdiyi tədbirlərin əhəmiyyətinə toxunaraq bütövlükdə bu təşkilatın gördüyü işləri yüksək qiymətləndiriblər.
Geniş fikir mübadiləsi və işgüzarlıq şəraitində keçən yığıncağı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev yekunlaşdıraraq müzakirə olunan məsələlərlə bağlı məclis iştirakçılarına bir sıra tövsiyələr verib və sonda hamıya uğurlar arzulayıb.
Samirə KƏRİMOVA |
|
23.11.2018 | 14:27 | |
|
|
|