ARTİ tərəfindən COP29 çərçivəsində silsilə tədbirlərin təşkili davam edir
COP29 çərçivəsində 12 sentyabrda Təhsil İnstitutunun təşkilatçılığı ilə Bakı şəhər 212 nömrəli tam orta məktəbdə təhsilverənlər üçün “Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda təlim keçirilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Təhsil İnstitutundan məlumat verilib.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevil Cavadova COP29 çərçivəsində təhsil müəssisəsində görülən işlər haqqında geniş məlumat verib. Elm və təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmrinə əsasən 2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərsin “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacağını bildirib. Bu baxımdan “Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda maaifləndirici təlimin keçirilməsinin müəllimlərə ilk dərsə hazırlaşmağa istiqamət verəcəyini qeyd edib.
 
ARTİ-nin şöbə müdiri dosent Aynur Paşayeva ətraf mühitin qorunması, ekoloji təhlükəsizlik, iqlim dəyişmələri ilə mübarizə məsələlərini özündə əks etdirən beynəlxalq səviyyəli konfransın keçirilməsinin cəmiyyət üçün əhəmiyyətini xüsusi vurğulayaraq ölkəmizdə bu sahədə görülən işlər, xüsusən də ARTİ-nin təhsil müəssisələrində COP29-la bağlı gördüyü işlər haqqında qısa məruzə edib.
 
Tədbirdə ARTİ-nin böyük elmi məsləhətçisi Rəsul Əsgərov öz çıxışında Azərbaycan dövlətinin milli hədəflərindən biri – ölkəmizi təmiz ətraf mühit ölkəsinə çevirmək olduğunu vurğulayıb. Eyni zamanda Azərbaycanın regionda yaşıl enerjinin inkişafına ən çox investisiya qoyan ölkələrdən olduğunu və bu istiqamətdə də çox sürətli işlər həyata keçirdiyini bildirib.
 
Sonra ARTİ-nin aparıcı mütəxəssisi Xalidə Hüseynova çıxış edərək Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi məsələlərini daha geniş spektrdə diqqətə çatdırıb
 
Təlimin sonunda mövzu ətrafında diskussiya aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


12.09.2024 | 17:30